Bir qrup gəncin iftar vaxtı tıxacda qalan sürücülərə su, ərzaq paylamasını əks etdirən görüntülər sosial şəbəkədə yayılıb. Minlərlə baxış sayı toplayan videoya şərh yazanlar gəncləri belə bir xeyirxah aksiya təşkil etdiklərinə görə alqışlayırlar.
Ramazan ayında bir sıra marketlərdə, ticarət-əyləncə mərkəzlərində kiçik masalar üzərində su, çay, xurma, atışdırmalıq müxtəlif qidalar qoryulduğu ənənəsi var ölkəmizdə. Sahibkarlar bununla həmin saatlarda alış-veriş edənlərin, iftara gecikənlərin iftar açmalarına şərait yaradırlar. Bu, əlbəttə, təqdirolunası haldır. Amma bir qrup gəncin məhz yol kənarında dayanıb, tıxacda qalanlara iftar etmık imkanı yaratması xüsusilə diqqətçəkəndir. Qeyd edək ki, gənclər əllərində “oruclusansa, siqnala bas”, sözləri yazılmış plakat da tutur, bununla hansı avtomobilə yaxınlaşmalı olduqlarını müəyyən edirlər. Bu, yaxşı düşünülmüş üsuldur.
Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli “Sherg.az”a açıqlamasında bildirdi ki, Azərbaycan xalqının çox gözəl, hər xalqa nəsib olmayan nümunəvi ənənələri var:
- Azərbaycan toplumunun həmrəylik, birləşmək, ehtiyaclıya dəstək olmaq kimi çox gözəl xüsusiyyətləri, ənənələri var. Bu xüsusiyyətlər tarixən müşahidə edilib. 44 günlük Vətən müharibəsində də biz bunun ən yüksək formada təzahürünü gördük. Bütün xalq həmrəy oldu, birləşdi, kimisi son manatını əsgərlərimizə göndərirdi, insanlarımız evlərindəki yeməkləri də bölüşürdülər. Bu, milli birliyin nümunəsi idi. Ramazan ayı da paylaşmaq, bölüşmək, yardımlaşmaq ayıdır. Gənclərin belə bir təşəbbüslə çıxış etməsi nümunəvi davranışdır, gözəl örnəkdir. Bununla bir daha təsdiq olunur ki, xalqımızın övladları təkcə gərgin, çətin, həlledici günlərdə deyil, sevincli günlərdə də birşləməyi, yardımlaşmağı bacarır, bu, bizim cəmiyyətimizin birləşmək bacarığını göstərir. Görün nə qədər insan həmin anda sevinir, razı qalır. Çıxılmaz vəziyyətdə insana yardm etmək, bir qurtum su belə olsa, xeyirxahlığın yüksək göstəricisidir. Belə bir xeyirxah aksiya təşkil etdiklərinə görə gənclərimizə təşəkkür edirəm.