Rusiyanın Azərbaycandakı sülhməramlı hərbçilərinin komandanı dəyişib


Rusiyanın Azərbaycandakı sülhməramlı hərbçilərinin komandanı dəyişibGennadi Anaşkin
Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilən Rusiya sülhməramlı hərbçilərinin komandanı dəyişib.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, general-leytenant Gennadi Anaşkin Rusiya sülhməramlılarının yeni komandanı təyin olunub. O, bu postda general-mayor Mixail Kosobokovu əvəzləyib.

Qeyd edək ki, Gennadi Vladimiroviç Anaşkin 1968-ci ildə Samarada (keçmiş Kuybışev) anadan olub. 1987-ci ildə hərbi xidmətə çağırılıb. Ryazan Ali Hava Desant komanda məktəbini bitirib. 1999-2000-ci illərdə keçmiş Yuqoslaviyada Bosniya və Hersoqovina Respublikasında Rusiyanın desant tağımına komandanlıq edib.

Birinci və İkinci çeçen müharibəsində ezamiyyətdə olub. G.Anaşkinin komandanlıq etdiyi qrup 2008-ci ildə Gürcüstanın Cənubi Osetiya bölgəsində döyüşlərdə iştirak edib. 2008-ci ildə onun başçılıq etdiyi Hava Desant Qoşunu Rusiyada ən yaxşı polk elan edilib. 2017-ci ilin iyulundan Cənub Hərbi Dairəsində 8-ci Ümumqoşun qvardiyası komandanının müavini təyin edilib.