Sakit qala bilən insanların 7 VƏRDİŞİ

Stressli vəziyyətlərdə soyuqqanlılığını qoruyan insanlar bunu bir gündə öyrənmirlər. Onların formalaşdırdıqları müəyyən vərdişlər var. Bu davranışları inkişaf etdirməklə siz də çətin anlarda daha sakit qala bilərsiniz.

1. Günə sakit bir səhər rutini ilə başlayın

Səhərlər bir qədər tez oyanmaq, yüngül idman hərəkətləri etmək, pəncərədən çölü izləmək və ya bir neçə dəqiqə sakitlikdə qalmaq gün ərzində stressin azalmasına kömək edir.

2. Reaksiyalarınızı müşahidə edin

Stressli vəziyyətlə qarşılaşdıqda ilk reaksiyanızın nə olduğunu analiz edin. Dərhal hərəkətə keçmək əvəzinə bir neçə dəqiqə düşünmək daha düzgün qərar verməyə imkan yaradır.

3. Hər şeyi şəxsi qəbul etməyin

Başqalarının davranışlarını həmişə özünüzə qarşı yönəlmiş münasibət kimi qiymətləndirməyin. Çox vaxt insanların davranışı sizinlə deyil, onların öz problemləri ilə bağlı olur.

4. Eyni anda bir neçə iş görməkdən çəkinin

Mütəxəssislər bildirirlər ki, eyni vaxtda bir neçə iş görmək narahatlığı artırır. Bir anda yalnız bir işə diqqət yetirmək həm məhsuldarlığı, həm də daxili rahatlığı artırır.

5. Lazımsız informasiya axınını azaldın

Bildirişlər, sosial media və fasiləsiz xəbər axını zehni yorur. Bunları məhdudlaşdırmaq gündəlik həyatda daha çox sakitlik yaradır.

6. Minnətdarlıq hissini inkişaf etdirin

Çətin anlarda belə sahib olduqlarınıza görə minnətdar olmağa çalışın. Şikayət etmək əvəzinə müsbət məqamları görmək stressi azaltmağa kömək edir.

7. Stresslə sağlam mübarizə vərdişləri yaradın

Gəzinti, idman, meditasiya, yoqa, isti çay içmək, su qəbul etmək və ya yaxın bir insanla söhbət etmək stressi idarə etməyin sağlam yolları hesab olunur.