“Moped və motosikleti əyləncə saymaq qəzaların əsas səbəbidir"
Qayda pozan moped sürücüləri artıq cəzasız qalmayacaq
“Motosikleti, mopedi yalnız əyləncə vasitəsi kimi görmək qəzaların baş verməsinə əsas səbəblərdən biridir. Motosiklet, moped sürücüləri bilməlidir ki, bunlar nəqliyyat vasitəsidir və yol hərəkəti qaydalarına riayət etməlidirlər”.
Bu fikirlər nəqliyyat məsələləri üzrə mütəxəssis Eldəniz Cəfərova məxsusdur. Qeyd edək ki, Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş vermiş avto-qəzalar barədə məlumat yayıb. Məlumatda bildirilir ki, bütün hərəkət iştirakçıları “Yol hərəkəti haqqında” Qanunun tələblərinə riayət etmək məsuliyyəti daşıyır: “Müşahidələr göstərir ki, bəzi hallarda ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri yol hərəkəti qaydalarına əməl etsələr belə, digər sürücülərin törətdikləri qayda pozuntuları nəticəsində yol-nəqliyyat hadisələri baş verir. Bu cür qəzaların çox hissəsi ölüm və xəsarətlə nəticələnir. Sürücülər bilməlidirlər ki, qəzalar və onların ağır nəticələrinin qarşısını almaq üçün yol hərəkəti qaydalarına ciddi riayət edilməli, yollarda yüksək məsuliyyət nümayiş etdirilməlidir". Qeyd olunur ki,NİİM martın 3-ü, axşam saatlarında paytaxtın Səbail rayonu, Dənizkənarı yolu, Bibiheybət məscidinin qarşısında qeydə alınan qəzanın görüntülərini açıqlayıb. Bildirilib ki, mərkəz istiqamətində hərəkətdə olan minik avtomobili ilə “Lökbatan” dairəsi istiqamətində hərəkət edən motosikletin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
E.Cəfərov “Sherg.az”a açıqlamasında bildirdi ki, motosiklet, mopedlərin iştirakı ilə baş vermiş qəzaların görüntülərinə baxdıqda, qəzaların yüksək sürət, nəqliyyat axınına əks istiqamətdə hərəkət etmək, svetoforun qırmızı işığında keçmə, təhlükəli manevrlər etmək və yol nişanlarının tələblərini pozmaq səbəbindən baş verdiyi aydın olur:
- Bəzi sürücülər təhlükəli hərəkətlərini, qayda pozuntularını videoya çəkib sosial şəbəkədə də paylaşır, bununla digərlərinə də mənfi nümunə olurlar. Amma düşünmürlər ki, bu cür davranışlarla həm özləri qəzanın qurbanına çevrilə bilər, həm də digər yol hərəkəti iştirakçılarının həyatını riskə atırlar.
Ekspert qeyd etdi ki, “Yol hərəkəti haqqında” Qanununa və İnzibati Xətalar Məcəlləsində mopedlərlə bağlı müddəalar var. Yeni qaydaya görə motosiklet və mopedlərdə dövlət qeydiyyat nişanı olmalıdır. Martın 26-dan etibarən moped sürücülərindən sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi tələb olunacaq. Bu, qəzaya səbəb olan yol hərəkəti iştirakçılarının heç bir halda cəzasız almayacağını təmin edəcək:
- Qayda pozanlar əsasən gənc sürücülərdir, bəziləri qaydaları bilmir, bəzisi də əylənir moped, motosiklet sürərkən. Əksəriyyəti də gənclərdir. Gənclər nəzərə almalıdır ki onların əyləncəsi naminə kimsə xəsarət ala, həyatını itirə bilər. öz həyatlarına da bu ciddi təhlükə daşıyır. Bütün hərəkət iştirakçıları diqqətli və məsuliyyətli olmalı və yol hərəkəti qaydalarını, yol nişanların nəyi bildirdiyini öyrənməlidirlər.