Kayseridə yaşayan rəssam Arif Sami Gürpınar sifarişlə çəkilən, lakin sahibləri tərəfindən emalatxanadan götürülməyən portret rəsmləri onların sahiblərinə çatdırmaq istəyir.
Sherg.az xəbər verir ki, məşhur rəssam Hüseyn Gürpınarın oğlu olan 62 yaşlı Arif Sami Gürpınar uşaqlıqdan atasından öyrəndiyi rəssamlıq sənətini bu gün də emalatxanasında davam etdirir. O bildirib ki, rəssamlıq ailə ənənəsidir və 7 bacı-qardaşı ilə yanaşı, onların övladlarının da bir çoxu bu sənətlə məşğuldur.
Boyalar və kətanlar arasında böyüdüyünü deyən Gürpınar, yalnız rəssamlıqla dolanmağın çətin olacağını düşündüyü üçün reklam sahəsini seçdiyini, lakin rəssamlıqdan heç vaxt uzaqlaşmadığını qeyd edib. O, reklam işlərində də rəssamlıq bacarıqlarından istifadə etdiyini və xüsusilə lövhə və afişalarda vizuallığın ön planda olduğunu vurğulayıb.
Uzun illər reklamçılıqla məşğul olduqlarını bildirən Gürpınar deyib ki, keçmişdə seçki dövrlərində deputat və bələdiyyə sədri namizədlərinin böyük ölçülü plakatlarını əl ilə çəkirdilər:
“İndiki çap maşınları o vaxt bizim əllərimiz idi”.
Gürpınar reklam fəaliyyəti ilə yanaşı sifarişlə portretlər də çəkdiyini bildirib. Onun sözlərinə görə, atasının və özünün çəkdiyi 50 portret sifariş verən şəxslər tərəfindən götürülməyib. Bu rəsmlərin əksəriyyəti yarım əsr əvvəl atasına məxsusdur.
Rəssam bildirib:
“Atam vəfat etdikdən sonra bu rəsmlər mənə qaldı. Onları atmağa qıymadıq, çünki bu portretlərdə təsvir olunanlar kiminsə atası, kiminsə anasıdır. Üstəlik, bu rəsmlər həm atamın, həm də mənim əməyimizdir. Ona görə yarım əsrdir saxlayırıq”.

O qeyd edib ki, portretləri emalatxanada sərgiləyir və sosial şəbəkələrdə paylaşır. Rəsmlər arasında yaxınını tanıyan şəxslərə portretlər ödənişsiz təqdim olunur.
Gürpınar indiyədək bir nəfərin atasına aid portreti bu yolla sahibinə qaytara bildiyini deyərək əlavə edib:
“Bütün rəsmləri sahiblərinə və ya ailələrinə çatdırmaq istəyirəm. Ölənə qədər bu işi davam etdirəcəyəm. Əgər rəsmləri sahiblərinə çatdıra bilmədən dünyadan köçsəm, yarım qalan işimi oğlum tamamlayacaq”.