Türkiyədə evlənmək istəyən gənclərə 1 milyard lirədən çox dəstək verilib

Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş bildirib ki, Ailə və Gənclik Fondu çərçivəsində bu ay 9 min 200 gəncə ümumilikdə 1 milyard 52 milyon lirə maliyyə dəstəyi göstərilib.

Sherg.az xəbər verir ki, nazirin sözlərinə görə, ailə institutunun möhkəmləndirilməsi və gənclərin dəstəklənməsi məqsədilə həyata keçirilən proqram hazırda Türkiyənin bütün 81 vilayətini əhatə edir.

Fonddan yararlanan cütlüklərdən hər iki tərəfin yaşı 18-25 arasında olduqda 250 min lirə, 26-29 yaş arasında olduqda isə 200 min lirə məbləğində kredit ayrılır. Kreditlər 48 ay müddətinə verilir və ilk iki il geri ödəniş tələb olunmur.

Göktaş qeyd edib ki, proqram çərçivəsində indiyədək 160 min 598 gəncə ümumilikdə 13 milyard 948 milyon lirə kredit dəstəyi göstərilib. O, həmçinin fondun dəstəklədiyi 12 min 942 ailədə 13 min 126 uşağın dünyaya gəldiyini vurğulayıb.

Nazir əlavə edib ki, maliyyə yardımı ilə yanaşı, yüz minlərlə gəncə təlim və məsləhət xidmətləri də təqdim olunub.