Türkiyədə “xoşbəxtəm” deyənlərin sayı artdı: Ən xoşbəxtlər evli cütlüklərdir

Türkiyə Statistika Komitəsinin 2025-ci il üzrə “Həyat Məmnunluğu Araşdırması”nın nəticələri açıqlanıb.

Sherg.az xəbər verir ki, TÜİK-in 2025-ci il “Həyat Məmnunluğu Araşdırması”na əsasən, 2025-ci ildə həyatından məmnun olanların payı 53 faiz təşkil edib. Hər 100 iştirakçıdan 31-i isə “ən böyük problem həyat bahalılığıdır” deyə cavab verib.

2024-cü ildə hər 100 nəfərdən 49-u “xoşbəxtəm” dediyi halda, ötən il bu göstərici 53 nəfərə yüksəlib. Özünü bədbəxt hesab edənlərin nisbəti isə 14,5 faizdən 13 faizə enib.

Sorğuya əsasən, gələcəyinə ümidlə baxdığını bildirənlərin payı 67,1 faiz olub.

İştirakçılardan həyat məmnuniyyətlərini 0 ilə 10 bal arasında qiymətləndirmələri də istənilib. Orta həyat məmnunluğu səviyyəsi 5,7 bal təşkil edib.

TÜİK-in məlumatına görə, ən xoşbəxt yaş qrupu 54,6 faizlə 55-64 yaş aralığında olanlardır.

Onları 54,4 faizlə 18-24 yaş qrupu və 54,3 faizlə 65 və yuxarı yaş kateqoriyası izləyib. Ən aşağı xoşbəxtlik göstəricisi isə 50,8 faizlə 45-54 yaş aralığında qeydə alınıb.

Sorğunun nəticələrinə görə, evlilər daha xoşbəxtdir.

Evli iştirakçıların 56,9 faizi “xoşbəxtəm” deyib. Evli olmayanlarda isə bu göstərici 46,6 faiz olub.

İnsanların xoşbəxtlik mənbələrinin başında 69 faizlə ailə gəlir. Dəyər baxımından isə ilk yerdə 65 faizlə sağlamlıq dayanır.

Ölkənin ən mühüm problemləri araşdırıldıqda, ötən il həyat bahalılığı 31,3 faizlə ilk sırada yer alıb. Onu 16,5 faizlə yoxsulluq, 16,1 faizlə isə təhsil izləyib.