UNICEF-dən valideynlərə dəstək çağırışı: Uşaqlar sevgi dolu ailədə böyüməlidir

UNICEF uşaqların sağlam inkişafı üçün sevgi və anlayışın hakim olduğu ailə mühitinin vacibliyini vurğulayaraq, valideynlərin daha çox dəstəklənməsinə çağırış edib.

Sherg.az-ın məlumatına görə, qurumun yaydığı açıqlamada bildirilib ki, valideynlər uşaqların inkişafında həlledici rol oynayır və onların qayğısı, təhlükəsizliyi və tərbiyəsi ilə bağlı əsas məsuliyyət ailələrin üzərinə düşür.

UNICEF qeyd edib ki, uşaqların fiziki inkişafı ilə yanaşı, beyin və şəxsiyyət inkişafında da valideynlərin rolu əvəzsizdir. Mahnı oxumaq, oyun oynamaq, uşaqları qucaqlamaq, gündəlik rutinlər yaratmaq və onları təhlükələrdən qorumaq sağlam inkişafın əsas elementləri hesab olunur.

Açıqlamada vurğulanıb ki, sevgi və oyunla zəngin ailə mühiti uşaqların potensialını tam reallaşdırması üçün vacib şərtdir.

UNICEF həmçinin diqqətə çatdırıb ki, dünyada milyonlarla insan uşaqlarını təkbaşına böyüdür və artan iqtisadi-sosial çətinliklərlə üzləşir. Xüsusilə həssas qruplarda və humanitar böhran bölgələrində yaşayan valideynlərin əlavə dəstəyə ehtiyacı olduğu bildirilib.

Qurum hesab edir ki, uşaqların həyata uğurlu başlanğıc etməsi üçün valideynlərin mütəmadi dəstəklənməsi dövlət və cəmiyyət siyasətinin əsas istiqamətlərindən biri olmalıdır. UNICEF bu məqsədlə dünyanın müxtəlif ölkələrində valideynlərə dəstək proqramları həyata keçirdiyini də xatırladıb.