"Dövlət ailədaxili mübahisəyə qarışmamalıdır. Uşaq adı üçün üçüncü tərəfə müraciət ailə institutuna zərbədir!”
Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq əldə edilmədikdə məsələ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunacaq. Bu müddəa “Uşaq hüquqları haqqında” yeni qanun layihəsində əksini tapır.
Uşağa ad, ata adı və soyadın verilməsi qaydalarıyla bağlı Qanunda bir çox digər müddəalarla yanaşı bu da qeyd olunur: “Uşağa ad, ata adı və soyad valideynlərin razılığı ilə verilir, fikir ayrılığı yaranarsa, müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur”.
Sosioloq Mətanət Məmmədova “Sherg.az”a açıqlamasında qeyd etdi ki, uşaq dünyaya gəlirsə, övladına bir ad qoyursan, bununla məsələ bitir. Burada necə fikir ayrılığı yarana bilər ki?
- Valideynlər normal insanlardısa, normal ailədə yaşayırlarsa, ad məsələsində fikir ayrılığı yaranmır. Tutalım, fikir ayrılığı yaşandı, valideynlər getdi icra hakimiyyətində müəyyən şöbələrə, orda müzakirə edildi, bunlara məsləhət verildi, məsələ həll edildi. Sonra nə olacaq? Bu şəxdlər gəllib evdə “sənin dediyin olmadı, mənim dediyim oldu”, iddiası ilə bir-birini qısnayacaq, yenə mübahisə, narazılıq yaşanacaq valideynlər arasında. Problemlər də bundan başlayır. Ən kiçik bir məsələdən böyük problemlərə doğru yolculuğa çıxırıq. Bu da bəzən boşanmalara səbəb olur. Sonra da düşünürük ki, ailələrimizdə problemlər nədən yaranır. Mən məsələnin bu səviyyəyə çatdırılmasının eleyhinəyəm və düşünürəm ki, bu bizim gənclərimizə təqdim etdiyimiz ən yaxşı seçim deyil, mənfi bir yol göstərir. Məsələnin həllini üçüncü tərəfə tapşrımaqla, biz sanki ailələrə, bir-birini başa düşməyən gənclərə daha çox sərbəstlik vermiş oluruq. Ortaq fikrə gələ bilmirsinizsə, dövlət orqanına müraciət edin, məsələ həll olunsun. Bu insanların bir böyüyü, sözü keçən valideyni yoxdurmu? Yəni, ata-ana bu qədər korazehindir ki uşağın adına görə icra hakimyyətin müracıət edəcəklər?! Hesab edirəm ki, bu, doğru yol deyil və valideynlərə elə bir əlavə çıxış yolu qoyulmamalıdır. Bu, problemin həllinə deyil, daha da artmasına, populyarlıq qazanmasına səbəb olar.