Atanın davranışları şübhə doğurur, psixoloji yoxlama tələb olunur
Dövlət qurumları Sumqayıtda körpə övladının dəfni zamanı “TikTok” platformasında canlı yayım açan, cənazəni qucağına alaraq videolar çəkən və bunları sosial şəbəkələrdə yayan şəxsin ailəsini nəzarətə götürüb. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, hadisənin baş verdiyi ailəyə Komitənin, eləcə də yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələrinin iştirakı ilə yerində baxış keçirilib. Ailənin mövcud vəziyyəti qiymətləndirilib, uşaqların sağlamlıq durumu və sosial şəraiti ilə bağlı ilkin araşdırma aparılıb.
Dəm qazından zəhərləndiyi ehtimal olunan 6 uşağın müalicəsi tibb müəssisəsində davam etdirilir və onların vəziyyəti həkim nəzarətindədir. Eyni zamanda qeyd olunur ki, hadisənin məhz dəm qazından zəhərlənmə ilə bağlı olub-olmaması araşdırılır və bu istiqamətdə müvafiq yoxlamalar aparılır. Aparılan araşdırmaların nəticəsinə əsasən məsələyə hüquqi və sosial qiymət veriləcək.
Komitə valideynləri və ailə üzvlərini uşaqlara qarşı daha diqqətli və həssas olmağa çağırır. Bildirilir ki, uşaqların təhlükəsizliyi, sağlamlığı və rifahı gündəlik qayğı və məsuliyyət tələb edir. Araşdırmaların yekunu ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, bu şəxs daha əvvəl də övladının cənazəsini qucağında tutaraq sosial şəbəkələrdə kart nömrəsi paylaşmış və vətəndaşlardan pul köçürmələrini xahiş etmişdi. Daha sonra isə iddia etmişdi ki, övladlarından birini qohumuna verib. Məlumata görə, ailənin ümumilikdə 12 övladı olub. Uşaqlardan əvvəlcə 3-ü, daha sonra isə 4-cü uşaq həyatını itirib.
Hazırda 8 uşaqdan bəziləri uşaq müəssisəsindədir, bir neçəsi isə ailə ilə birlikdə yaşayır. Dəm qazından zəhərləndiyi ehtimal edilən 6 uşaq da məhz bu ailənin üzvləridir.
Ananın açıqlamaları isə kifayət qədər ziddiyyətli təsir bağışlayır. O, bir tərəfdən uşaqların həyətdə oynadıqları zaman evə qaçdıqlarını və daha sonra onları hamamda yerdə uzanmış vəziyyətdə gördüyünü bildirir, digər tərəfdən isə “böyüklər həmişə balacaları hamamda çimizdirir” deyə qeyd edir. Ananın nitqində və danışığında müəyyən qüsurların olduğu da müşahidə olunur.
Bu hadisə sadəcə ailə dramı deyil, uşaqların ağır və faciəli həyat şəraitinin göstəricisi kimi qiymətləndirilir.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Sherg.az”a açıqlamasında bildirib ki, məhz bu cür ziddiyyətli məqamlar səbəbindən aidiyyəti qurumlar ailəni nəzarətə götürüb:
“Bu məsələ təhqiqat obyektidir və uşaqlar psixoloq tərəfindən müayinə olunmalıdır. Şübhəli hallar varsa, hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılması vacibdir. Əgər bu ehtimallar təsdiqlənərsə, burada cinayət tərkibi yarana bilər.
Atanın davranışlarına gəldikdə isə hesab edirəm ki, onda davranış pozuntuları ola bilər və bu da yoxlanılmalıdır. Əgər onun psixi vəziyyəti normal hesab olunarsa və uşaqlardan “TikTok” və digər sosial media vasitələri ilə maddi maraq naminə istifadə edildiyi müəyyən edilərsə, bu, uşaqların istismarı sayılır və cinayət məsuliyyəti yaradır.
Uşaqların psixikasına təsir etmək, onları manipulyasiya etmək gələcəkdə ciddi psixoloji problemlərə səbəb ola bilər. Ananın hadisə ilə bağlı ziddiyyətli açıqlamaları da müvafiq qurumlar tərəfindən diqqətlə araşdırılmalıdır.”