Valideyn qayğısından məhrum uşaqların gələcəyi “Himayədar ailə” ilə qorunacaq - Sosioloq 

Aynur Hacıyeva: "Bu model psixoloji inkişaf və ali təhsil imkanlarını da gücləndirir"

Azərbaycan ilə Türkiyə arasında sosial xidmətlər sahəsində əməkdaşlıq son illərdə daha da dərinləşərək institusional və davamlı xarakter alıb. Bu əməkdaşlığın əsasını 2011-ci ildə imzalanmış Hökumətlərarası Əməkdaşlıq Protokolu və 2022-ci il tarixli Anlaşma Memorandumu təşkil edir. Hər iki sənəd çərçivəsində həyata keçirilən birgə fəaliyyətlər sosial siyasət sahəsində təcrübə mübadiləsini genişləndirir, müasir yanaşmaların tətbiqinə imkan yaradır.

Mahinur Özdemir Göktaş Teleqraf-a müsahibəsində qeyd edib ki, bu əməkdaşlıq yalnız rəsmi görüşlərlə məhdudlaşmır, həm də müxtəlif layihələr, təlimlər və beynəlxalq platformalarda birgə iştirak vasitəsilə daha da gücləndirilir.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2022-ci il 15 fevral tarixli fərmanına əsasən, "Himayədar ailə" sahəsində dövlət siyasəti, tənzimləmə və dövlət nəzarəti sahəsində səlahiyyətlər ötən il noyabrın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib. Dünyada uşaqlara qayğı sisteminin geniş yayılmış ən yaxşı nümunələrindən olan "Himayədar ailə" sahəsində bir çox xarici ölkənin təcrübələri nəzərdən keçirilib. Ən əsası isə qardaş Türkiyənin bu sahədəki təcrübəsinə əsaslanaraq ölkəmizdə "Himayədar ailə" modeli formalaşdırılıb. “Himayədar ailə" uşağın öz ailəsində qalması üçün sosial dəstəyin göstərilməsi, bu alınmayanda isə yeni ailə mexanizminin işə düşməsi, bu da nəticə vermədikdə övladlığa verilməsi üçün tətbiq olunan mexanizmdir. Bu modeldə övladlığagötürmədən fərqli olaraq uşağı himayəyə götürən şəxsə və ya ailəyə onun xərclərinin qarşılanması üçün dövlət tərəfindən müəyyən olunmuş miqdarda vəsait verilir. Belə ki, ailələrə himayəyə götürdükləri hər uşağın tərbiyə edilməsinə görə aylıq müavinət uşaqların yaşından və sağlamlıq vəziyyətindən asılı olaraq 355-435 manatarası müəyyən edilib. Həmin uşaqlara mövsümi geyim alınması üçün "Himayədar ailə"yə hər rübdə 200 manat birdəfəlik müavinət veriləcək.

Sherg.az xəbər verir ki, sosioloq Aynur Hacıyeva "Himayədar ailə" modelinin Azərbaycanda tətbiqini təqdirəlayiq hal kimi dəyərləndirib. Onun sözlərinə görə, valideyn himayəsindən məhrum olmuş uşaqların inkişafında və formalaşmasında bu model müsbət təsir göstərəcək:

"Himayədar ailə” qayğı modeli uşaqların ailələrdə böyüməsi və inkişafı üçün nəzərdə tutulan platformalardan biridir. Bu model daha çox uşağın ailəyə sahib olmasını təmin edər. Ailə ortamında böyüyən uşaqla hər hansı müəssisədə böyuyən uşaq fərqlidir. Dövlətimiz valideynini itirmiş, yaxud valideyn himayəsindən məhrum uşaqlara hər nə qədər qayğı göstərsə də, heç bir müəssisə ailəni əvəz edə bilməz. Ona görə də bu modelin tətbiqindən gözləntilər böyükdür. Ümid edirik ki, bunun müsbət nəticələrini görəcəyik və "Himayədar ailə" ölkəmizdə işlək modelə çevriləcək. Çünki biz mərhəmətli və uşaqlara qayğı ilə yanaşan xalqıq. Yeniliyə adaptasiya üçün zaman lazımdır, xüsusilə də uşaqlar üçün”. 

"Himayədar ailə" qayğı modelinin tətbiqinin genişləndirilməsi üçün maarifləndirmə tədbirlərinin vacibliyini vurğulayan sosioloq bildirib ki, bu modelin tətbiqi digər ölkələrdə müsbət nəticələr göstərib: "Himayədar ailə" qayğı modeli gələcəyimiz olan uşaqların inkişafı, sağlamlığı baxımından mühüm əhəmiyyət kəsb edir. Hər şeydən öncə isə ailə şəraitində yaşamaq onların psixoloji vəziyyətinə öz müsbət təsirini göstərəcək. Valideyn nəvazişindən məhrum olan uşaqların "Himayədar ailə"də yaşaması onların gələcək həyatının, ailə dəyərlərinin formalaşmasında, eyni zamanda ali təhsil almalarında əhəmiyyətli rol oynayacaq. Təbii ki, burada himayədar valideyn olmaq istəyənlərin də üzərinə böyük məsuliyyət düşür. Bu öhdəliyi üzərinə götürən hər bir şəxs səbirli, mərhəmətli, sağlam düşüncəli olmalı, ən əsası isə uşaqlara qayğı və sevgi ilə yanaşmağı bacarmalıdır. Elə modelin əsas məğzi də bu uşaqların qayğı ilə əhatə olunmasını təmin etməkdir. Ancaq bu halda gələcəyə doğru addımlayan uşaqların himayədarı olub onları qoruya bilərik”.