Yaş ana olmağa mane deyil - Ginekoloq cəmiyyətdəki stereotiplərə cavab verdi

  • Fəxranə Hüseynzadə: “Yumurtalıqlar dayanır, amma uşaqlıq hamiləliyi daşıya bilir”

 63 yaşlı qadının 38 illik övlad həsrətindən sonra ana olması cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Bir tərəfdən bu hadisə tibbin imkanlarının növbəti uğuru kimi dəyərləndirilir, digər tərəfdən isə ahıl yaşda valideyn olmağın etik, sosial və sağlamlıq aspektləri ilə bağlı suallar gündəmə gəlir. "Bu yaşda uşaq olarmı?", "Valideynlərə bir şey olarsa, uşağın taleyi necə olacaq?" kimi fikirlər səsləndirilərkən, mütəxəssislər hər bir belə hadisənin fərdi qiymətləndirilməsinin vacibliyini vurğulayırlar.

Tibb üzrə fəlsəfə doktoru Natiq Məhərrəmov paylaşımında qeyd edib ki, qadın 38 illik həsrətdən sonra ana olub:

“Allahın köməyi ilə müalicələrimizi etdik və 63 yaşlı anamız uzun çəkən həsrətdən sonra övladını qucağına götürdü. Allah saxlasın. Allaha min şükürlər olsun ki, müalicələrimiz boşa getmədi və bu xeyir işə vəsilə olduq”.

Mövzu ilə bağlı Sherg.az-a danışan həkim- ginekoloq Fəxranə Hüseynzadə bildirib ki, tibbi baxımdan qadınlarda yaş artdıqca yumurtalıq ehtiyatı və yumurta hüceyrələrinin keyfiyyəti azalır:

"Menopauzadan sonra isə ovulyasiya dayanır və təbii yolla hamiləlik mümkün olmur. Lakin reproduktiv təbabətin inkişafı sayəsində 50-60 yaşlı qadınların müəyyən üsullarla ana olması mümkündür".

Həkimin sözlərinə görə, belə hallarda ən çox tətbiq olunan üsul süni mayalanmadır və hamiləliklərin əksəriyyəti donor və ya əvvəlcədən dondurulmuş yumurta hüceyrələri vasitəsilə əldə edilir: "İnsanlar bu yaşda qadının ana olmasına təəccüblə yanaşa bilər. Ancaq nəzərə almaq lazımdır ki, yumurtalıqların fəaliyyətinin dayanması ilə uşaqlığın hamiləliyi daşımaq qabiliyyəti eyni anlayış deyil. Müvafiq hormonal hazırlıq aparıldıqdan sonra uşaqlıq hamiləliyi saxlaya bilir".

Cəmiyyətdə ahıl yaşda ana olmağa qarşı səslənən tənqidlərə münasibət bildirən F.Hüseynzadə qeyd edib ki, hər bir qadının ana olmaq hüququ var: "Ömür yaşa baxmır. Gənc yaşda ana olan qadın da müxtəlif səbəblərdən həyatını itirə bilər. Heç kimin nə qədər yaşayacağına dair zəmanət yoxdur. Əsas məsələ uşağın sevgi, qayğı və məsuliyyət mühitində böyüməsidir".

Ginekoloq vurğulayıb ki, gec yaşda hamiləlik sağlamlıq baxımından yüksək risk daşıyır və hər qadının orqanizmi bu prosesi uğurla başa vura bilmir: "Biz gec yaşda ana olmaq istəyən pasiyentlərlə mütləq maarifləndirici söhbətlər aparır, onları mümkün risklər barədə əvvəlcədən məlumatlandırırıq ki, qərarlarını tam məlumatlı şəkildə versinlər".

Həkim sonda bu cür ailələrin qınanmamalı olduğunu da diqqətə çatdırıb: "Hər ailənin öz hekayəsi var. Bəzən insanlar uzun illər sonsuzluqla mübarizə aparır, bəzən də bir neçə dəfə hamilə qalsalar da, tibbi səbəblərdən hamiləlik yarımçıq saxlanılır və bu, ailələr üçün böyük psixoloji sarsıntı yaradır. Elə ailələr də var ki, müxtəlif həyat şərtlərinə görə ailəni gec qurur və valideyn olmaq qərarını yalnız sonrakı yaşlarda verirlər. Buna görə də belə hallara qınaqla deyil, anlayış və həssaslıqla yanaşmaq lazımdır."