Yeni qərar məntiqlidir- “İnsanlar özlərini nisbətən sərbəst hiss edəcəklər”

Dünən Nazirlər kabineti yanında Operativ Qərargahın və TƏBİB-in növbəti birgə brifinqi keçirilib. Bildirilib ki, karantin rejimi avqustun 1-nə kimi uzadılır. Xüsusi karantin rejimi isə iyunun 21-dən etibarən yenidən qüvvəyə minəcək və iki həftə, yəni iyulun 5-dək davam edəcək. 
 
Qərarla bağlı “Sherg.az”a danışan tanınmış psixoloq Azad İsazadənin fikrincə, bu, daha məqsədəuyğundur:

“Kütlə psixologiyasına istinad etsək, deməliyəm ki, bu məntiqli qərardır, nəinki iki günlük qadağa. Təsəvvür edin, iki gün sərt karantin rejimi elan olunur. Nəticədə həftə başlayan kimi hər kəs şəhərə doluşur, marketlər isə xüsusilə cümə günləri insanlarla dolu olur.
Özü də çoxları nə maska taxır, nə də sosial məsafəni qoruyur. Məktəblilər tənəffüs zəngi vurulan an sürətlə sinifdən çıxırlar. Bax, bu da onu xatırladır. Ancaq indiki qərar məntiqlidir. Xüsusi karantin rejimi iki həftə davam etsə belə, faktiki olaraq insanlar indi ev dustağı deyillər.  İstəyən sms-lə çölə çıxa, hətta, bəlkə, dostugilə də gedə bilər. Yəni insanlar özlərini nisbətən sərbəst hiss edəcəklər”. 

A.İsazadənin fikrincə, verilən qərarlar yoluxma sürətini azaltmaq üçündür:

“Onsuz da heç kim bu virusdan yan keçə bilməyəcək. Bu gün yoluxmayan sabah mütləq yoluxacaq. Məsələ ondan ibarətdir ki, hazırda xəstəxanalarda yer yoxdur. Ona görə də yoluxma sürətini mümkün qədər azaltmaq lazımdır. Biz nə marketdə növbə gözləyə bilirik, nə də xəstəxanada. İnsanlar yoluxmaqdan ötrü, elə bil, əllərindən gələn hər şeyi edirlər”.