Zibili yerə atanları cərimələməkdən başqa yol yoxdur - EKSPERT

Elçin Bayramlı: “Kamera görüntüləri vasitəsilə zibili yerə atanların kimliyi müəyyənləşdirilməlidir”

Məişət tullantılarının tutumlardan (urnalardan – zibil qutularından) kənar yerlərə atılmasına görə cərimə artırılıb. Ötən ilin oktyabrında Milli Məclisdə müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən 2026-cı ildə Azərbaycanda yerə zibil atmağa görə cərimələr daha da artırılacaq. Xüsusən də məişət tullantılarının konteynerlərdən kənar atılmasına görə İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərlə bağlı cərimələrin 300 manatdan 7000 manata qədər artırılması nəzərdə tutulur, bu da tullantıların düzgün idarə olunmasına yönəlmiş ciddi tədbirlərin bir hissəsidir. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi tullantıların insan sağlamlığına və ətraf mühitə zərərli təsirinin qarşısının alınması, onların təhlükəli təsirinin azaldılması, təbiətdə ekoloji tarazlığın təmin olunması məqsədilə, tullantıların idarə olunması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinin pozulmasına görə inzibati məsuliyyətin artırılmasını nəzərdə tutur.

Sağlam Cəmiyyət Hərəkatının sədri, sosioloq Elçin Bayramlı "Sherg.az"a açıqlamasında bildirib ki, tullantıların zibil qablarından kənar yerə atılmasına görə cərimələrin artırılması müsbət qərardır: 

- Paytaxtımızda küçələrin necə zibilləndiyini, yollarda, səki kənarlarında zibillərin qalaqlandığını, zibil yeşiklərinin vaxtlı-vaxtında boşaldılmadığını hamımız müşahidə edirik. Parklarda, səkilərdə, dayanacaqlarda zibil qutuları qoyulub, amma baxırsan ki, içi boşdur, zibillər qutunun ətrafına, yerə atılıb. Plastik su qabları, polietilen torbalar, qida tullantıları, siqaret kötükləri… daha nələr yoxdur küçədə. Təcrübə də göstərir ki, bu sahədəki problemləri maarifləndirmə yolu ilə aradan qaldırmaq mümkün deyil. Bu metod artıq effekt vermir. Bizim cəmiyyətdə bu kimi problemlərin həll yolu sərt cəza və cərimələrin tətbiqidir. Zibili yerə atanların kimliyi müəyyənləşdirilməlidir, bunun üçün də müşahidə kameraları var. Kamera görüntülərindən istifadə edib bu şəxsləri müəyyənləşdirmək və cəzalandırmaq lazımdır. Onların cəzası zibillədikləri yeri təmizləmə olmalıdır. Versinlər əllərinə süpürgəni, desinlər, di gəl, zibillədiyin yeri indi təmizlə! Bu cür cəza tətbiq edilsə, insanlar davranışlarını korrektə edər. Fikir verirsinizsə, kameralar olan yerlərdə bu cür özbaşınalıqlar digər yerlərə nisbətən daha az müşahidə edilir. Bizim insanların sosial məsuliyyət və mədəniyyət səviyyəsini nəzərə alanda görürük ki, ətrafı zibilləyən, eləcə də zibil qablarından düzgün istifadə etməyən şəxsləri cərimələməkdən başqa yolumuz qalmayıb. Ona görə də haqlı olaraq İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişiklik edilir. 

E.Bayramlı qeyd etdi ki, Avropa ölkələrində ekologiyanı, təmiz havanı, küçələri zibilləyənlərə qarşı yüksək cərimələr tətbiq olunur. Bizim ölkədə də eynilə bu cür yüksək cərimələr və inzibati qaydada məsuliyyətə cəlbetmə olmalıdır. Amma təkcə cərimələrlə iş bitmir: 

- İctimai nəzarət də olmalıdır. Mədəni cəmiyyətlərdə vətəndaşlar ekoloji mühitə ziyan vuranlara qarşı birgə mübarizə aparır, rəsmi orqanlar qarşısında məsələ qaldırırlar. Ümumiyyətlə, ətraf mühitə münasibət hər bir insanın mənəviyyatına bağlı məsələdir. Mədəni, əxlaqlı insan əlindəki tullantını heç vaxt yerə, hara gəldi atmaz. Qeyri-mədəni insanlara, nadanlara qarşı da cərimə tətbiq edilməlidir ki, bəlkə, məsuliyyətli olmağı öyrənsinlər.