Sülh prosesinin əsas kövrək məqamı Ermənistandakı revanşizm meylidir -ŞƏRH

Azərbaycan və Ermənistan arasında sülh gündəliyi ilə bağlı danışıqlar davam etsə də, tərəflər arasında uzun illər davam edən münaqişənin yaratdığı qarşılıqlı etimadsızlığın aradan qaldırılması məsələsi hələ də əsas problemlərdən biri olaraq qalır. Siyasi və diplomatik müstəvidə əldə olunan razılaşmaların dayanıqlılığı ilə yanaşı, cəmiyyətlərdə sülhə münasibət, qarşılıqlı etimadın formalaşması və mümkün yeni gərginliklərin qarşısının alınması da diqqət mərkəzindədir. Xüsusilə Ermənistan cəmiyyətində revanşist çağırışların mövcudluğu və bəzi siyasi qüvvələrin Azərbaycanla münasibətlərə dair sərt mövqeləri sülh prosesinin gələcəyi ilə bağlı müxtəlif fikirlərin səslənməsinə səbəb olur. Ekspertlər hesab edirlər ki, tərəflər arasında sənəd imzalansa belə, uzunmüddətli və davamlı sülhün formalaşması yalnız siyasi razılaşmadan deyil, həm də cəmiyyətlər arasında münasibətlərin normallaşmasından asılı olacaq. Erməni konfliktoloq Hrayr Palyanın son açıqlaması da məhz bu kontekstdə diqqət çəkir. O, Azərbaycan və Ermənistan arasında mümkün razılaşmanın xarakterindən asılı olmayaraq, münasibətlərin müəyyən müddət ərzində “soyuq sülh” mərhələsində qala biləcəyini və yeni hərbi qarşıdurma riskinin tam aradan qalxmadığını iddia edib.

Politoloq Asif Nərimanlı Sherg.az-a bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh prosesinin kövrək olmasının əsas səbəbi Ermənistandakı revanşist yanaşma və düşüncədir:

“Hətta iki-üç sülh sazişi imzalansa, dövlətlər arasında münasibətlər qurulsa belə, revanşizmin aradan qaldırılması və cəmiyyətlər arasında etimad mühitinin yaradılması üçün müəyyən vaxt tələb olunacaq. Əslində, hazırda bu istiqamətdə paralel iş aparılır. Sülh danışıqları ilə yanaşı, etimad mühitinin yaradılması üçün də qarşılıqlı münasibətlər qurulur. Lakin uzun müddət davam edən düşmənçilik fonunda bu problemin qısa müddətdə aradan qaldırılması asan olmayacaq. Burada əsas məsuliyyət Azərbaycan cəmiyyətinin deyil, Ermənistan cəmiyyətinin üzərinə düşür. Tarixə nəzər saldıqda görürük ki, ermənilər uzun illər ərzində qisasçılıq və düşmənçilik mövqeyi nümayiş etdirib, azərbaycanlılara qarşı əllərindən gələni ediblər. Nəhayət, 1990-cı illərdə fürsət yaranan kimi Azərbaycan ərazilərini işğal etdilər”.

Analitik qeyd edib ki, otuz ilə yaxın davam edən danışıqlar prosesində ermənilər heç vaxt sülhün səmimi tərəfdarı olmayıblar, yalnız prosesi uzadıblar:

“Bunun nəticəsində Azərbaycan öz hərbi və siyasi gücünü artırmalı oldu. Əgər müharibə baş verməsəydi və Azərbaycan güclü mövqedə olmasaydı, Ermənistan cəmiyyəti heç vaxt sülhə yanaşmayacaqdı. Bu da göstərir ki, sülh sazişi imzalansa belə, Ermənistan cəmiyyətinə tam etibar etmək hələ tezdir. Hətta 50 ildən sonra belə, imkan yaranacağı təqdirdə, yenidən düşmənçilik etməyə cəhd göstərə bilərlər. Buna görə də əsas məsələ Ermənistan cəmiyyətindəki revanşizm meylini aradan qaldırmaqdır. Təbii ki, Azərbaycan tərəfi məhz buna görə sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasının dəyişdirilməsini tələb edir. Çünki həmin konstitusiyada Azərbaycana qarşı ərazi iddiaları yer alır. Bu dəyişiklik edilmədən sülh sazişi imzalansa, onun davamlılığı təmin olunmayacaq və saziş istənilən vaxt pozula biləcək kövrək bir sənədə çevriləcək”.

Ekspertin sözlərinə görə, Ermənistanda istənilən vaxt hakimiyyət dəyişə və revanşist qüvvələr hakimiyyətə gələ bilərlər:

“Onlar dərhal Ermənistan konstitusiyasına istinad edərək sülh prosesindən imtina edə bilərlər. Hazırda siyasətdə olan bəzi müxalifətçilər və revanşistlər bunu açıq şəkildə bildirirlər: hakimiyyətə gəlsələr, Azərbaycanla sülh prosesinə və əldə olunmuş razılaşmalara yenidən baxacaqlar. Onlar bunu gizlətmirlər. Bu baxımdan, cari mərhələdə sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasının dəyişdirilməsi zəruridir. Lakin bundan sonra da Ermənistan cəmiyyətindəki revanşizmi aradan qaldırmaq və bu meyli zəiflətmək istiqamətində ardıcıl addımlar atılmalıdır. Bununla yanaşı, Azərbaycan və Ermənistan cəmiyyətləri arasında davamlı etimad mühitinin yaradılması üçün qarşılıqlı tədbirlər həyata keçirilməlidir. Bütün bunlarla yanaşı, bir məsələni daim yadda saxlamalıyıq: Azərbaycan həmişə güclü olmalıdır. Əgər Azərbaycan nə vaxtsa zəifləsə və regionda şərtlər dəyişsə, Ermənistan yenidən ərazi iddialarını və işğal siyasətini gündəmə gətirə bilər. Bu səbəbdən Azərbaycan və Ermənistan arasındakı sülh prosesinin əsas kövrək məqamı Ermənistandakı revanşizm meylidir. Bu problemin aradan qaldırılması və cəmiyyətin bu düşüncədən tamamilə uzaqlaşması üçün müəyyən vaxt lazımdır. Hesab edirəm ki, ən azı 10 il ərzində nəsil dəyişikliyinə, 2020-ci ildən sonrakı, müharibədən sonrakı nəslin yetişməsinə ehtiyac var. Ermənistan dövləti öz cəmiyyətindəki bu meyli aradan qaldırmaq üçün ciddi addımlar atmalıdır. Eyni zamanda, Azərbaycan və Ermənistan cəmiyyətlər arasında əlaqələrin inkişafına və insanların bir-birinə yaxınlaşmasına şərait yaratmalıdır. Əks təqdirdə, bütün bu məsələlər nəzərə alınmadan imzalanacaq sülh sazişi, tərəflər arasında nə qədər siya