6 baş nazir dəyişsə də, o hələ də vəzifəsinin başındadır

Böyük Britaniyada baş nazirlər dəyişsə də, Dauninq-strit 10 nömrəli iqamətgahın ən məşhur sakini – "Baş siçan ovçusu" Larri vəzifəsini davam etdirir.

Sherg.az xəbər verir ki, 2011-ci ildə o zamankı baş nazir Devid Kemeron tərəfindən heyvan sığınacağından götürülən boz-ağ pişik artıq 15 ildir Baş nazirin iqamətgahında yaşayır. Bu müddət ərzində Larri Devid Kemeron, Tereza Mey, Boris Conson, Liz Trass, Rişi Sunak və Kir Starmer olmaqla altı baş nazirin fəaliyyətinə şahidlik edib. İndi isə o, 7-ci baş naziri qarşılamağa hazırlaşır.

Rəsmi olaraq "Baş siçan ovçusu" titulunu daşıyan Larrinin vəzifələri arasında qonaqları qarşılamaq, təhlükəsizlik vəziyyətini müşahidə etmək və iqamətgahın "ab-havasını qorumaq" da yer alır.

Dünya liderlərinin rəsmi səfərləri zamanı tez-tez kameraların obyektivinə tuş gələn Larri zamanla Britaniya siyasətinin ən tanınmış simalarından birinə çevrilib. Hazırda 18-19 yaşlarında olduğu bildirilən məşhur pişik yaşına baxmayaraq, Dauninq-stritdəki "xidmətini" davam etdirir.