WSJ: NATO-nun yeni strategiyası Rusiyanın dərinliyinə zərbələri nəzərdə tutur

NATO Rusiya ilə potensial münaqişə vəziyyətində müdafiə strategiyasını nəzərdən keçirir və bu ölkənin ərazisinin dərinliyindəki hərbi qurğulara və infrastrukturlara zərbə endirmək ehtimalını istisna etmir.

"Report"un məlumatına görə, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən xəbər verib.

Nəşrin məlumatına görə, məsələ iyunda general Aleksus Qrinkeviçin sədrliyi ilə keçirilən və NATO ölkələri hərbi liderlərinin iştirak etdiyi alyansın ilk uzunmənzilli zərbələr üzrə simpoziumunda müzakirə olunub.

Yeni strategiya təkcə Rusiyanın irəliləyən qoşunlarına deyil, həm də ərazisinin dərinliyindəki hərbi bazalara, təchizat anbarlarına, rabitə mərkəzlərinə, komandanlıq məntəqələrinə, sənaye obyektlərinə və digər vacib infrastrukturlara zərbə endirməyi nəzərdə tutur.

"Rusiya ilə münaqişə vəziyyətində biz xüsusən müdafiə sənayesi bazasına zərbə endirmək istərdik", - WSJ polşalı general-mayor İreneuş Novakın sözlərini sitat gətirib. Onun sözlərinə görə, NATO Rusiya-Ukrayna münaqişəsindən öyrənib ki, müdafiə həm də əks-hücum deməkdir.

Bu missiyalar üçün Amerikanın "Tomahawk" və ATACMS raketləri, eləcə də Avropanın "Storm Shadow", SCALP və "Taurus" raketləri nəzərdən keçirilir.

Eyni zamanda, "Wall Street Journal" qeyd edib ki, strategiya potensial Rusiya təcavüzünün qarşısını almağa yönəlib və nüvə silahlarının istifadəsini nəzərdə tutmur.

Qeyd olunur ki, onilliklər ərzində NATO-nun Avropa ərazilərinin müdafiəsi düşmənin irəliləməsinin qarşısını almaq prinsipinə əsaslanıb. Alyans indi Rusiya Silahlı Qüvvələrinin qarşısını almaq üçün daha proaktiv profilaktik tədbirlərin görülməsinin vacib olduğuna inanır.