ABŞ-nin Şimali Karolina ştatında Konqresə keçirilən aralıq seçkilər zamanı yaranan texniki nasazlıqlar səbəbindən səsvermə müddəti uzadılıb.
Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti məlumat yayıb.
Ştatın Seçki Komissiyası bir neçə seçki məntəqəsində kompüter və printerlərin işində yaranan problemlərə görə səsvermənin müddətini uzatmaq barədə qərar qəbul edib.
Nəticədə seçki nəticələrinin açıqlanması ən azı 45 dəqiqə gecikəcək. İlkin olaraq yerli vaxtla saat 19:30-a planlaşdırılan nəticələrin elan edilməsi 20:15-ə təxirə salınıb.
Qeyd edək ki, noyabrın 3-də ABŞ-də Konqresə aralıq seçkilər keçirilir. Seçicilər Senatın 100 üzvündən 35-ni və Nümayəndələr Palatasının 435 üzvünün hamısını müəyyənləşdirirlər.
Bununla yanaşı, 36 ştatda qubernator, əksər ştatlarda isə baş prokurorlar, yerli qanunverici orqanların üzvləri və digər vəzifəli şəxslər seçilir.