ABŞ-dan qalmaqallı səhv: 10 illik məlumatla qızlar məktəbini vurublar - ŞOK İDDİA

ABŞ-ın İranda yerləşən qızlar məktəbinə endirdiyi zərbənin köhnəlmiş kəşfiyyat məlumatları əsasında həyata keçirildiyi iddia olunub.

Sherg.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, fevral ayında ABŞ hərbi rəhbərliyi İrandakı bir sıra hədəflərə zərbələri təsdiqləyib. Həmin siyahıda Minab şəhərində yerləşən qızlar məktəbi də olub.

Məlumata görə, planlaşdırma sistemində obyektlə bağlı kəşfiyyat məlumatlarının 10 ildən artıq əvvəl əldə edildiyi və yenidən yoxlanılmasının vacibliyi barədə xəbərdarlıqlar yer alıb. Buna baxmayaraq, məktəb hədəflər siyahısından çıxarılmayıb.

CNN-in mənbələrinin sözlərinə görə, ABŞ hərbçiləri məktəbin vurulmasının səbəbini bir neçə gün ərzində müəyyən etsələr də, araşdırmanın nəticələri hələ də açıqlanmayıb.

Xatırladaq ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) daha əvvəl İrana qarşı 80-dən çox hədəfə yüksək dəqiqlikli silahlarla zərbələr endirildiyini bildirmişdi. Vaşinqton bu əməliyyatın İranın Hörmüz boğazındakı fəaliyyətlərinə cavab olaraq həyata keçirildiyini açıqlamışdı.