- “İranın Avropanı müharibəyə cəlb etməsi ABŞ-İsrail blokundan qat-qat güclü koalisiya yarada bilər”
ABŞ və İsraillə mümkün yeni müharibə ssenarisi fonunda İranın hərbi hədəflərin coğrafiyasını genişləndirməklə bağlı açıqlaması beynəlxalq təhlükəsizlik gündəmində ciddi müzakirələrə səbəb olub. Tehran mümkün qarşıdurma zamanı yalnız Yaxın Şərqdəki ABŞ hərbi bazalarını deyil, Avropada yerləşən ABŞ və NATO obyektlərini də hədəfə ala biləcəyinə dair mesaj verir. İran rəhbərliyinə yaxın “Keyhan” qəzetinin yaydığı məlumata görə, Müctəba Xamenei Silahlı Qüvvələrə hərbi cavabın coğrafi məhdudiyyət olmadan verilməsi barədə göstəriş verib. Nəşr Böyük Britaniya, İtaliya, Yunanıstan, Rumıniya və Kiprdəki hərbi obyektlərin də mümkün hədəflər sırasında ola biləcəyini iddia edir.
Bu açıqlama münaqişənin Yaxın Şərq hüdudlarından kənara çıxması, Avropa ölkələrinin prosesə cəlb olunması və NATO ilə İran arasında birbaşa qarşıdurma riskləri ilə bağlı suallar doğurur. Bəs İranın Avropadakı hərbi obyektləri hədəfə almaq imkanları nə dərəcədə realdır?
Politoloq Abutalıb Səmədov Sherg.az-a açıqlamasında bildirib ki, İranın cavab zərbələrinin Yaxın Şərqdən kənara çıxaraq Avropa ölkələrinə yönəlməsi vəziyyəti həddindən artıq gərginləşdirə və nüvə silahından istifadə ilə nəticələnə bilər:
“Bu, həddindən artıq təhlükəli və sağlam düşüncədən uzaq bir yanaşmadır. İran öz gücünü və qarşı tərəfin qüvvəsini düzgün qiymətləndirməlidir. Bu günə qədər Avropa ölkələri aktiv şəkildə İrana qarşı müharibəyə qoşulmayıblar. Onların bu prosesə cəlb edilməsi İran üçün həddindən artıq ağır problemlər yarada bilər.
Onsuz da mətbuatda Prezident Trampın taktiki nüvə silahından istifadə etmək planları barədə danışılır. Belə bir addım isə taktiki nüvə silahlarının tətbiqi üçün bəhanəyə çevrilə bilər.
Üstəlik, nəzərə almaq lazımdır ki, Avropa ölkələrində hava hücumundan müdafiə sistemləri kifayət qədər etibarlıdır. Ola bilər ki, bir-iki raket Avropa ölkələrindəki hədəflərə çata bilsin. Ancaq İranın belə bir hava hücumundan müdafiə sistemi yoxdur. Ona görə də bu addımın hansı nəticələrə gətirib çıxaracağını həmin şəxslər anlamalıdırlar.
Tam köməksiz vəziyyətdə qala biləcək İran darmadağın ola, ölkə indiyədək aldığı zərbələrdən dəfələrlə ağır zərbələr ala bilər. Təbii ki, Avropa ölkələri belə hücumlardan sonra artıq açıq şəkildə münaqişəyə tərəf kimi qoşulacaqlar və indiyədək mövcud olmayan bir koalisiya yarana bilər. Bu koalisiyanın gücü, təbii ki, ABŞ-İsrail blokunun gücündən dəfələrlə artıq olacaq”.
Analitik qeyd edib ki, İran rəhbərliyi vəziyyəti düzgün qiymətləndirməli, konstruktiv yollar axtarmalı, yeni təkliflər irəli sürməli və real imkanlarına uyğun addımlar atmalıdır:
“Bu halda müharibənin baş verməsinin qarşısını almaq olar. Prezident Tramp vəziyyətdən sülh yolu ilə çıxmaq istəyir və ona verilən təklifləri, göstərilən təzyiqləri hələ ki, qəbul etmir. Çünki narahatdır, o da başa düşür ki, bu, çox dəhşətli nəticələrə gətirib çıxara bilər.
Ancaq İran rəhbərliyi də bu məsələdə bütün variantları götür-qoy etməli və bu cür hərbə-zorba siyasətindən imtina etməlidir. İranın bütün dünyaya meydan oxumağa gücü çatmır. Bir az da xalq və dövlət haqqında düşünmək lazımdır. Bunun hansı nəticələrə gətirib çıxara biləcəyi nəzərə alınmalıdır.
Ümid edək ki, belə də olacaq və İran da müəyyən qədər əlavə güzəştlərə gedərək hərbi münaqişənin qarşısının alınmasına öz töhfəsini verəcək”.