ABŞ-ın iyun ayında İranın nüvə obyektlərinə zərbə endirməsindən sonra onsuz da gərgin olan münasibətlər daha da pisləşdi. İranda iki həftə davam edən etiraz dalğası isə Vaşinqtona olan etimadın azalmasına səbəb oldu. 12 günlük qarşıdurmadan sonra münasibətlərin normallaşdırılması istiqamətində tərəflər ilk dəfə fevralın 6-da danışıqlar masasına əyləşdilər. Danışıqlardan sonra, ABŞ prezidenti Donald Tramp ziddiyyətli mövqeyi ilə diqqət çəkməyə başladı. O, bir tərəfdən diplomatiyanın vacibliyini önə çəksə də, digər tərəfdən bölgəyə ikinci aviadaşıyıcı zərbə qrupunun göndəriləcəyini açıqlayır. Tərəflər arasında Konsensusun formalaşmaması prosesin hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı risk faktorlarını gücləndirir.
Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan Sherg.az-a bildirib ki, hadisələrin gedişatını dəyişmək üçün İranın qarşısında iki yol var:

“Fevralın 6-da ABŞ və İran arasında keçirilmiş danışıqlar tərəflərin müzakirə masasına əyləşməyə hazır olduqlarını açıq şəkildə ortaya qoydu. Mövcud geosiyasi şəraitdə İran faktiki olaraq iki seçim qarşısındadır: Ya ABŞ-ın şərtlərini hərbi yolla qəbul etməlidir, ya da danışıqlar yolu ilə razılaşmaya nail olmalıdır. Lakin müharibə variantı həmişə mövcuddur. Yəni ABŞ öz şərtlərini istənilən anda hərbi yolla qəbul etdirə bilər”.
Analitikin sözlərinə görə, hazırkı mərhələdə danışıqlar hərbi qarşıdurmadan daha üstün mövqedədir:
“Müşahidə olunan dinamika onu deməyə əsas verir ki, tərəflər danışıqlar vasitəsilə münasibətlərin normallaşdırılmasına və mövcud problemlərin həllinə çalışırlar. Bu yanaşma hər iki ölkə rəhbərinin açıqlamalarında da öz əksini tapır. İran Prezidenti Məsud Pezeşkian danışıqları irəliyə doğru atılmış mühüm addım kimi qiymətləndirərək, nüvə obyektlərinin beynəlxalq təftiş üçün açıq olduğunu bəyan edib. ABŞ Prezidenti Donald Trump isə Vaşinqtonun danışıqlar prosesində israrlı mövqeyini davam etdirdiyini vurğulayıb. Bütün bu amillər onu göstərir ki, tərəflər arasında dialoqun davam etməsi ehtimalı daha yüksəkdir”.
Aybəniz Səfərova