ABŞ-ın İrana endirdiyi son zərbələr nəticəsində bir iranlı hərbçi həlak olub, mülki şəxslər arasında isə yaralananlar var.
Sherg.az xəbər verir ki, İranın Buşəhr əyalətində Şəhidlər və Veteranlar Fondu rəhbəri Məhəmməd Heydərinin Mehr agentliyinə verdiyi məlumata görə, ABŞ-ın ötən gecə Hörmüzqan əyalətinin Cask limanına endirdiyi zərbə zamanı İran Hərbi Dəniz Qüvvələrinin kiçik leytenantı həlak olub.
Bundan başqa, ABŞ-ın İranın cənub-şərqində yerləşən Kirman əyalətinə hücumu nəticəsində iki nəfər yaralanıb. Bildirilir ki, səhər saatlarında əyalətin cənubundakı dağlıq ərazidə yerləşən rabitə qülləsi hədəfə alınıb.
İran ətrafında gərginlik davam edir. ABŞ bazar gününə keçən gecə İrana növbəti zərbələr endirib, Tehran isə bölgədəki Amerika obyektlərinə cavab hücumları həyata keçirib. İran hakimiyyəti Hörmüz boğazının gəmiçilik üçün bağlandığını açıqlayıb.
ABŞ Prezidenti Donald Tramp iyulun 10-da İranın Vaşinqtona sülh danışıqlarını davam etdirmək üçün müraciət etdiyini və ABŞ-ın buna razılıq verdiyini bildirib. Bununla yanaşı, o, İranla atəşkəs rejiminin artıq qüvvədə olmadığını da vurğulayıb.
Mediada ABŞ və İran arasında gələn həftə İsveçrədə danışıqların keçirilə biləcəyi barədə məlumatlar yayılsa da, Tehran bu xəbərləri təkzib edib.