ABŞ narkotik kartellərinə zərbələri davam etdirmək niyyətindədir

Vaşinqton administrasiyası Latın Amerikasının narkotik kartellərinə zərbələr endirməyə davam etmək niyyətindədir.

"Report" "The Washington Post" qəzetinə istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Olivia Ueyls bildirib.

"ABŞ amerikalılara qarşı hücumlar hazırlamaq niyyəti və imkanları olan hər hansı qruplaşmanı - istər milyonlarla amerikalıları zəhərləyən ölümcül kartelləri, istərsə də cihadçıları müəyyənləşdirməyə və zərərsizləşdirməyə davam edəcək. Hər cür terrorçuların ərazimizə sığınmasına və ya xaricdən bizə hücum etməsinə imkan verilməyəcək", - o deyib.

Nəşr qeyd edir ki, Ağ Evin nümayəndəsi xüsusilə Latın Amerikası ölkələrində fəaliyyət göstərən narkotik kartellərinə yeni dəqiq zərbələrinin endirilməsinin mümkünlüyündən danışıb. Qəzetin məlumatına görə, bu qruplaşmaların bir çoxu əvvəllər Amerika hakimiyyəti tərəfindən terror təşkilatları siyahısına daxil edilib.