ABŞ-də keçirilən aralıq seçkilərdə Demokratlar Partiyasının Konqresin hər iki palatasında çoxluq qazanması qanunvericilik fəaliyyətinin faktiki olaraq iflic olması ilə nəticələnə bilər.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın keçid komandasında çalışmış, Ağ Evə yaxın Respublikaçılar Partiyasının nümayəndəsi TASS-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, demokratlar həm Nümayəndələr Palatasına, həm də Senata nəzarəti ələ keçirəcəkləri təqdirdə Konqresin 120-ci çağırışından ciddi qanunvericilik fəaliyyəti gözləmək çətin olacaq.
“Demokratlar müəyyən qanun layihələrinin qəbuluna nail ola bilərlər. Lakin Prezident Trampla razılıq əldə edilmədən və onun imzası olmadan həmin sənədlər qanun qüvvəsinə minməyəcək”, – deyə siyasətçi bildirib.
Respublikaçıların keçmiş yüksəkvəzifəli nümayəndəsi hesab edir ki, belə vəziyyətdə ABŞ-nin daxili və xarici siyasətinin müəyyənləşdirilməsində prezident fərmanlarının, inzibati qərarların və icra hakimiyyətinə verilən göstərişlərin rolu artacaq.
Onun fikrincə, demokratlar isə Konqresdə əsas diqqəti Tramp administrasiyasının fəaliyyətinin araşdırılmasına və icra hakimiyyəti üzərində nəzarətin gücləndirilməsinə yönəldəcəklər.
Qeyd edək ki, noyabrın 3-də ABŞ-da keçirilən aralıq seçkilərdə Nümayəndələr Palatasının bütün üzvləri, Senatın isə təxminən üçdə biri yenidən seçilir. Hazırda Konqresin hər iki palatasına Respublikaçılar Partiyası nəzarət edir.
Seçkilərin nəticələrinə əsasən formalaşacaq 120-ci çağırış Konqres 2027-ci il yanvarın 3-də fəaliyyətə başlayacaq.