ABŞ-nin yeni strategiyası Avropa İttifaqını qəzəbləndirdi

ABŞ-nin yenilənmiş Milli Təhlükəsizlik Strategiyası Avropa İttifaqını (Aİ) qəzəbləndirib.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Dekabrın 5-də Ağ Evin rəsmi saytında dərc olunan sənəddə deyilir ki, Avropa 20 ildən sonra tanınmaz hala gələ bilər, Aİ rəhbərliyi və digər yerli strukturların dağıdıcı siyasəti səbəbindən sivilizasiya kimi məhv olmaq ərəfəsindədir. Donald Tramp administrasiyası bunun fonunda bəzi Avropa ölkələrinin Vaşinqton üçün etibarlı müttəfiq olaraq qalmaq üçün lazımi iqtisadi-hərbi potensiala sahib olub-olmayacağına dair şübhələrini də ifadə edib.

Nəşrin məlumatına görə, dekabrın 6-da keçirilən Doha Forumunun kuluarlarında adı açıqlanmayan bir Avropa rəsmisi strategiyanın Aİ ilə bağlı müddəalarını “olduqca narahatedici” adlandırıb. Bununla belə, o qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp çox güclü liderdir, Avropa liderləri simvolik diplomatik etirazlardan başqa nəsə etməyə qadir deyillər.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Doha Forumundakı çıxışında bəyan etmişdi ki, strategiyada ittifaqa yönəlmiş tənqidlərə baxmayaraq, Aİ və ABŞ əsas müttəfiqlər olaraq qalır.