Ermənistanın müdafiə naziri Suren Papikyan və ABŞ-ın Ermənistandakı müvəqqəti işlər vəkili Devid Allen arasında İrəvanda keçirilən görüşdə müdafiə sahəsində əməkdaşlıq müzakirə edilib.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
Papikyan Ermənistanın müdafiə islahatlarının aktiv mərhələsində olduğu bu dövrdə Ermənistan-Amerika əməkdaşlığının vacibliyini vurğulayıb.
Görüşdə həmçinin ikitərəfli hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub, xüsusilə təhsil, kadr hazırlığı, təlimlər, təcrübə mübadiləsi və peşəkar məsləhətləşmələrə diqqət yetirilib.
Allen ABŞ-ın Ermənistanla müdafiə əməkdaşlığını inkişaf etdirməyə və onun müdafiə islahatı prosesini dəstəkləməyə hazır olduğunu bildirib.
Tərəflər həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında da fikir mübadiləsi aparıblar.