Avstriya hökuməti Adolf Hitlerin doğulduğu evi polis bölməsinə çevirmək qərarı verib. Bildirilir ki, bu addım ifrat sağçı qrupların binanı simvolik “ziyarət məkanına” çevirməsinin qarşısını almaq məqsədi daşıyır.
Sherg.az xəbər verir ki, Adolf Hitler 20 aprel 1889-cu ildə Avstriyanın Almaniya sərhədində yerləşən Braunau am Inn şəhərində anadan olub. Həmin evin polis bölməsinə çevrilməsi qərarı ictimaiyyətdə fərqli reaksiyalar doğurub.
Avstriya hökuməti uzun müddət baxımsız vəziyyətdə qalan binanı “neytrallaşdırmaq” məqsədilə 2016-cı ildə dövlət mülkiyyətinə keçirib. Avstriya İçişleri Bakanlığı polis əməkdaşlarının 2026-cı ilin ikinci rübündə binaya köçürülməsinin planlaşdırıldığını açıqlayıb.
Şəhər sakinlərindən Sibylle Treiblmaier qərarın “iki ucu kəsən qılınc” olduğunu bildirib. Onun sözlərinə görə, bu addım ifrat sağçıların binanı toplaşma yerinə çevirməsinin qarşısını ala bilər, lakin obyektin daha fərqli və maarifləndirici formada dəyərləndirilməsi də mümkün idi.
Evin qarşısında yerləşən xatirə daşında belə yazılıb:
“Sülh, Azadlıq və Demokratiya naminə. Faşizm bir daha əsla. Milyonlarla ölən insan xəbərdarlıq edir.”
Holokost qurbanlarını təmsil edən Mauthausen Komitesi Avstriya üzvü, yazıçı Ludwig Laher isə polis bölməsinin yaradılmasının problemli ola biləcəyini deyib.
O bildirib ki, polis istənilən siyasi sistemdə dövlətin maraqlarını qorumağa xidmət edir. Laherin fikrincə, daha əvvəl müzakirə olunan “Sülh və Barışıq Mərkəzi” ideyası cəmiyyətdə daha geniş dəstək qazanmışdı.
Braunau şəhərindən olan sahibkar Jasmin Stadler də hesab edir ki, evin Hitlerin doğumunun tarixi kontekstini izah edən maarifləndirici mərkəzə çevrilməsi daha məqsədəuyğun olardı. O, təxminən 20 milyon avroya başa gələn yenidənqurma xərclərini də tənqid edib.
Qərarı dəstəkləyənlər isə bildirirlər ki, bu transformasiya ifrat sağçıların obyekti simvolik ziyarət nöqtəsinə çevirməsinin qarşısını ala bilər.
Avstriya 1938-ci ildə Nasis Almanyası tərəfindən ilhaq olunmuşdu və uzun illər Holokostdakı rolunu tam şəkildə qəbul etməməkdə tənqid edilirdi. Nasist dövründə təxminən 65 min avstriyalı yəhudi qətlə yetirilib, 130 min nəfər isə deportasiyaya məruz qalıb.
Braunau şəhərində ötən il nasistləri anan iki küçənin adı fəalların illərlə davam edən etirazlarından sonra dəyişdirilmişdi. Hitlerin doğulduğu evin gələcəyi ilə bağlı müzakirələr isə ölkədə Holokost keçmişi ilə necə üzləşmək məsələsini yenidən gündəmə gətirib.