Aİ Orbanın yenidən seçilməsi halında tədbirlər axtarır: Beş əsas variant

Avropa İttifaqı ölkələri Macarıstanın Baş naziri Viktor Orbanın yenidən seçiləcəyi halda ona qarşı atılacaq addımları müzakirə edir. Sherg.az xəbər verir ki, "Politico"nun 10 Aİ diplomatına istinadən yaydığı məlumata görə, Brüsseldə bu istiqamətdə beş əsas variant nəzərdən keçirilir.

Diplomatların sözlərinə görə, Orban qalib gəlsə, Aİ daha sərt siyasətə keçə bilər. Bəzi rəsmilər hesab edir ki, artıq “qırmızı xətt keçilib” və xüsusilə Ukraynaya ayrılacaq 90 milyard dollarlıq kreditin bloklanması buna səbəb olub.

Mümkün variantlar arasında qərarların yekdillik olmadan – üzv ölkələrin 55%-i və Aİ əhalisinin 65%-ni təmsil edən hissəsinin səsi ilə qəbul edilməsi, kiçik koalisiyalar formatında əməkdaşlığın genişləndirilməsi, Macarıstana maliyyə təzyiqinin artırılması yer alır.

Digər ehtimallar isə Macarıstanın səsvermə hüququnun dayandırılması və hətta Aİ-dən çıxarılmasıdır. Lakin diplomatlar son iki variantın reallaşmasının çətin olduğunu bildirirlər.

Qeyd edək ki, Macarıstanda parlament seçkiləri 2026-cı il aprelin 12-də keçiriləcək. Orban yenidən seçilərsə, bu onun altıncı baş nazirlik müddəti olacaq.