Avropa Komissiyası 2026-cı ilin əvvəlində Avropa İttifaqı (Aİ) ölkələrinə Rusiya neftinin alınmasına qadağa qoymağı təklif edəcək.
Teleqraf TASS- a istinadən xəbər verir ki, bu barədə Aİ enerji nazirlərinin iclasına gələn enerji komissarı Den Yorgensen jurnalistlərə açıqlama verib.
Onun sözlərinə görə, hazırda Rusiya neftinin dəniz yolu ilə Aİ-yə daşınması artıq qadağan edilib və yalnız neft boru kəmərləri vasitəsilə, əsasən Macarıstana daşınır.
Yorgensen etiraf edib ki, Avropa İttifaqı hazırda Rusiyadan neftdən daha çox qaz idxal edir. Bununla belə, Avropa Komissiyasının məqsədi Rusiya enerji resurslarından tamamilə imtina etməkdir.
Komissar xatırladıb ki, dekabrın əvvəlində Aİ Şurası 2028-ci il yanvarın 1-dən etibarən Rusiya qazının bütün tədarükünün tamamilə qadağan edilməsini nəzərdə tutan təklifi ixtisaslı səs çoxluğu ilə təsdiqləyib. Sözügedən qadağanın mərhələli şəkildə 2026-cı ildən tətbiqinə başlanılacaq.
Yorgensen vurğulayıb ki, həm Rusiya nefti, həm də qazı ilə bağlı qadağalar daimi xarakter daşıyır və Ukraynadakı münaqişənin gedişindən asılı deyil. Onun sözlərinə görə, bu qərarlar sanksiyalar çərçivəsində deyil, Aİ-nin ticarət siyasəti əsasında qəbul edilir.
“Ukraynada sülh əldə edilsə belə, Avropa İttifaqı bir daha Rusiya qazından asılı olmayacaq”, – deyə komissar qeyd edib.