Böyük Britaniya Kralı III Çarlzın kiçik qardaşı, keçmiş şahzadə Endryu dələduzluqla bağlı mülki iş üzrə şahid qismində London Ali Məhkəməsinə çağırılıb. Bu, son 156 ildə kral ailəsinin üzvü ilə bağlı ilk belə hadisədir.
Oxu.Az "NBC News"a istinadən xəbər verir ki, hakim Adam Consonun icazəsindən sonra Endryu Mauntbetten-Vindzora məhkəmə çağırışı təqdim edilib.
İş türkiyəli milyonçu Nebahat Evyap İşbilenin keçmiş maliyyə məsləhətçisi Selman Türkə qarşı qaldırdığı iddia ilə bağlıdır. Qadın milyonçu məsləhətçisinin onun sərvətindən onmilyonlarla funt sterlinqi mənimsədiyini iddia edir.
Mübahisəli epizodlardan biri 2019-cu ildə Endryunun hesabına köçürülən 750 min funt sterlinqlə bağlıdır. O, həmin məbləği 2021-ci ildə geri qaytarıb. Bununla belə, Endryu məhkəmə prosesində iştirak etmir və ona qarşı hər hansı ittiham irəli sürülməyib.
Məhz Selman Türk Endryunun məhkəməyə şahid qismində çağırılmasını istəyib. O, ödənişin İşbilen tərəfindən könüllü şəkildə edildiyini və qadının keçmiş şahzadənin əlaqələrinin Türkiyədə həbs cəzası çəkən ərinə kömək edəcəyinə ümid etdiyini iddia edir.
İşbilenin vəkilləri bu hadisəni 1870-ci ildə, gələcək kral VII Eduardın boşanma işi üzrə şahid qismində ifadə verməsi ilə müqayisə edirlər.
Endryunun dekabrın 14-də məhkəmədə şəxsən və ya videobağlantı vasitəsilə ifadə verəcəyi gözlənilir. Bununla yanaşı, onun məhkəmə çağırışına etiraz etmək hüququ da var.
Qeyd edək ki, III Çarlz ötən il Ceffri Epşteynlə əlaqələri ətrafında yaranan qalmaqaldan sonra qardaşını şahzadə titulundan məhrum edib.