- İtaliyadan başlayan proses bütün Avropaya yayılır
İtaliyanın "Milli Gələcək" partiyası ölkə parlamentinə Ukraynaya bütün hərbi yardımların və silah tədarükünün dayandırılmasını nəzərdə tutan qətnamə təqdim edib. Partiyanın feysbuk səhifəsində paylaşılan məlumatda bildirilib ki, Ukraynaya silah tədarükü sülhə töhfə verməyib, müharibəni uzadıb və İtaliyanın xərclərini artırıb: "Bu büdcə müharibəyə deyil, yerli ailələrin, şirkətlərin, səhiyyənin və sərhədlərin qorunmasına xərclənməlidir".
Mövzunu şərh edən Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Üzeyir Mustafayev Sherg.az-a bildirib ki, uzun illərdir davam edən Rusiya-Ukrayna müharibəsi bir sıra beynəlxalq problemlərə və fikir ayrılıqlarına səbəb olub. Onun fikrincə münaqişəyə dair antaqonist tərəflərin xüsusi kəskinliyi isə Avropa İttifaqı dövlətlərində özünü daha çox büruzə verir:
“Enerji böhranı, beynəlxalq iqtisadi qeyri-sabitlik, iqtisadi vəziyyətin çətinliyi, habelə müharibənin uzanması və gözləniləndən daha çox xərc tələb edən hala keçməsi bu gün Avropa dövlətlərinin bir çoxunun Ukraynaya maddi yardımı dayandırmaq istəməsinə gətirib çıxarıb. Belə istəklərdən biri də İtaliyanın “Milli Gələcək” partiyası tərəfindən irəli sürülüb. Partiya ölkə parlamentinə Ukraynaya bütün hərbi yardımların və silah tədarükünün dayandırılmasını nəzərdə tutan qətnamə təqdim edib. Qətnamə təklifinin əsaslandırılmasında isə az əvvəl qeyd etdiyim səbəblərin mütləq əksəriyyəti öz əksini tapıb. Xüsusilə qeyd edim ki, partiya ifrat sağ və milli-mühafizəkar yönümlü partiya hesab olunur. Onun əsas ideologiyası millətçilik və suverenizm üzərində qurulub. “Milli Gələcək” partiyasının bu təşəbbüsü əsasən daxili siyasətə hesablanıb. Partiya Ukraynaya edilən yardımı artıq maliyyə yükü kimi qiymətləndirir. Belə ki, bu, yatırım deyil, sürətli şəkildə icra olunan maliyyə yardımıdır, yəni dövlətin yaxın gələcəkdə bu yardımdan “iqtisadi xeyir qazanması” mümkünsüzdür. Eləcə də postmünaqişə dövrünü dəyərləndirdikdə o qənaətə gələ bilərik ki, Ukraynanın bərpası üçün də kifayət qədər böyük maliyyə yardımlarına ehtiyac olacaq. Beləliklə, ifrat sağ partiya “əvvəlcə italyan” deyərək ölkənin maliyyə yükünü azaltmağı hədəfləyir. Bununla da əlavə seçici dəstəyi qazanır. Bu gün demək olar ki, əksər Avropa dövlətlərində sağ düşüncələr böyük rəğbət qazanmağa başlayır. Anti-miqrant çağırışlar, ölkə vətəndaşının mərkəzdə saxlanılması kimi fikirlər də elektoratın səsini qazanmağa fayda verir. Düzdür, hər qətnamənin qəbul olunacağına dair bir qayda yoxdur. Lakin qətnamə təşəbbüsünün irəli sürülməsi özü-özlüyündə cəmiyyətdə və dövlətdə Ukraynaya dəstəklə bağlı fikir dəyişikliyinin bir siqnalı kimi qiymətləndirilməlidir. Bir neçə il öncə belə fikirlərin səsləndirilməsi ümumiyyətlə qəbul edilməz sayılırdı. İndi isə vəziyyət əksinə, Ukraynanın əleyhinə dəyişib”.
Politoloq qeyd edib ki, bənzər mövqe hazırda Slovakiya və Macarıstanda da müşahidə olunur. Belə mövqenin irəli sürülməsinin siyasi səbəblərinə gəldikdə isə, bura NATO faktorunu və baş verə biləcək müharibə riskini aid edə bilərik:
“NATO-nun maliyyələşdirilməsi yükünün ABŞ-dan azaldılaraq alyansa üzv digər dövlətlər arasında artırılması ölkələrdə yeni maliyyə xərcləri yaratdı. Belə vəziyyətdə də dövlətlər arasında iki mövqe açıq şəkildə ayrıldı:
-Ukrayna Rusiyanın son cəbhəsi rolunu oynayır. Nəyin bahasına olursa-olsun, Rusiyanı Ukraynada məğlub etmək lazımdır;
- Ukrayna cəbhəsində Rusiyaya qalib gəlmək ehtimalı azdırsa, öz hərbi sahəmizə daha çox diqqət ayırmalıyıq.
Macarıstan hələ Orban dövründən Rusiya ilə dialoqun tərəfdarı olmuş, paralel olaraq isə Ukraynaya maddi yardım ayrılmasını vetolamışdır. Fransa isə əksinə, Ukraynaya maliyyə yardımının ayrılmasında və dəstəyin artırılmasında xüsusi fəallıq göstərmişdir. Əvvəldə dediyim kimi, artan iqtisadi çətinliklər və paralel olaraq sağ düşüncələrə rəğbətin artması bir sıra Avropa dövlətlərində də Ukrayna ilə bağlı mövqenin dəyişməsinə gətirib çıxara bilər”.