2045-ci ilə qədər beynəlxalq yardımların kəsilməsi nəticəsində 12–16 milyon arasında uşaq həyatını itirə bilər. Dünyada bu il təxminən 200 min uşağın, beynəlxalq yardımların azalması səbəbilə 5 yaşına çatmadan öləcəyi iddia olunur.
Sherg.az xəbər verir ki, "Microsoft"un qurucusu Bill Qeytsin fondunun açıqlamasına əsasən, 2024-cü ildə 4 milyon 600 min olaraq hesablanan uşaq ölümü sayının bu il 4 milyon 800 minə yüksələcəyi proqnozlaşdırılır. Qeyts Fondu bu artımın, bu əsrdə qarşısı alına bilən uşaq ölümlərində ilk dəfə müşahidə olunan artım olduğunu bildirib.
Qarşısı alına bilən uşaq ölümləri 2000-ci ildən bəri təxminən yarıbayarı azalmışdı.
Bill Qeyts açıqlamasında bunları deyib: “Dünya on illərdir uşaqların həyatını xilas etmək üçün sabit irəliləyiş əldə edirdi. Lakin indi çətinliklər artarkən bu irəliləyiş tərsinə dönür.”
Goalkeepers adlı hesabat BMT-nin yoxsulluğun azaldılması və sağlamlığın yaxşılaşdırılması ilə bağlı davamlı inkişaf hədəflərini izləyir. Hesabat adətən sentyabrda dərc olunur, lakin bu il qlobal səhiyyə maliyyələşməsindəki qeyri-müəyyənlik səbəbilə gecikib.
Bu ilin əvvəlində ABŞ-la başlayan beynəlxalq yardım kəsintiləri İngiltərə və Almaniya kimi böyük donor ölkələrə də sirayət edib. Nəticədə, dünya üzrə səhiyyə üçün qlobal inkişaf yardımlarının payı 2024-cü illə müqayisədə 27% azalıb.
Qeyts kəsintilərin uşaq ölümlərindəki artımın əsas səbəbi olduğunu bildirərək, ölkələrin qarşılaşdığı borc yükü və zəif səhiyyə sistemlərinin də geriləmədəki digər amillər olduğunu vurğulayıb.
Yardımların davamlı olaraq kəsilməsi halında, 2045-ci ilə qədər əlavə 12–16 milyon uşağın həyatını itirə biləcəyi qeyd olunub.