ABŞ-ın Alyaska ştatındakı Vitter (Whittier) qəsəbəsi qeyri-adi yaşayış tərzi ilə diqqət çəkir. Təxminən 300 nəfərin yaşadığı qəsəbədə sakinlərin böyük əksəriyyəti 14 mərtəbəli Begich Towers binasında məskunlaşıb.
Sherg.az xəbər verir ki, binada yaşayış mənzilləri ilə yanaşı poçt şöbəsi, market, polis bölməsi, tibb məntəqəsi, bələdiyyə ofisi və kilsə də fəaliyyət göstərir. Məktəbə isə yeraltı tunel vasitəsilə keçid təmin olunub. Beləliklə, sakinlər sərt hava şəraitində çölə çıxmadan gündəlik ehtiyaclarını qarşılaya bilirlər.
Bu qeyri-adi yaşayış sistemi 1950-ci illərdə ABŞ ordusu tərəfindən hərbi kompleks kimi inşa edilib. Sonradan hərbçilər bölgəni tərk etdikdən sonra bina mülki əhali üçün yaşayış məntəqəsinə çevrilib.
Vitter qəsəbəsinin xarici dünya ilə yeganə əlaqəsi təxminən 4 kilometrlik Anton Anderson tunelidir. Tunel gecə saatlarında bağlandığı üçün qəsəbənin səhərədək kənarla əlaqəsi tamamilə kəsilir.
Sərt iqlim şəraiti - qışda qarın bir neçə metrə çatması və güclü küləklər - sakinlərin bu cür mərkəzləşdirilmiş yaşayış modelinə üstünlük verməsinin əsas səbəbi hesab olunur.