Çin Yaponiyanın istefada olan generalına sanksiya tətbiq edib

Çin Yaponiya Özünümüdafiə Qüvvələrinin birləşmiş qərargahının 2012-2014-cü illərdə rəisi işləmiş general Şiqeru İvasakiyə sanksiya tətbiq edib.

AZƏRTAC xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyi generalın “Tayvanın müstəqilliyi”ni müdafiə edən separatçı qüvvələrlə əməkdaşlığına görə Pekinin belə qərar qəbul etdiyini açıqlayıb. Açıqlamada deyilir ki, Çin generalın Tayvan rəsmilərinin “siyasi müşaviri” vəzifəsini tutmasına görə Yaponiya tərəfinə bir neçə dəfə etirazını bildirib. Şiqeru İvasakinin Çinin daxili işlərinə müdaxilə etməkdə və ölkənin suverenliyini pozmaqda ittiham edən rəsmi Pekin cavab tədbirlərinə əl atıb. Belə ki, onun Çindəki vəsaitləri dondurulub, Çinin fiziki və hüquqi şəxsləri ilə hər hansı əməkdaşlığına və Çinə səfərinə qadağa qoyulub.

Qeyd edək ki, Çinin sanksiya qərarı Yaponiyanın Baş naziri xanım Sanae Takaiçinin Tayvana hərbi müdaxilənin ölkəsinə təhdid olacağı barədə bəyanatından sonra iki ölkə arasında yaranan gərginlik fonunda verilib.