Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”

FİFA Konqresində Fələstin Futbol Federasiyasının prezidenti Cibril Racub İsrail Futbol Federasiyası rəhbərliyinin nümayəndəsi ilə foto çəkdirməkdən imtina edib. O, buna səbəb kimi “Biz əziyyət çəkirik” sözlərini göstərib. Bu anlar qısa zamanda dünya gündəminə çevrilib.

Sherg.az xəbər verir ki, Konqresin sonunda kameralar qarşısında gərgin anlar yaşanıb. FİFA prezidenti Canni İnfantino, Fələstin Futbol Federasiyasının prezidenti Cibril Racub və İsrail Futbol Federasiyasının vitse-prezidenti Basim Şeyx Suliman tədbirdə çıxış ediblər.

Racub və Suliman çıxışlardan sonra nümayəndələrə müraciət ediblər. Daha sonra İnfantino hər iki şəxsi birgə foto çəkdirmək üçün yanına dəvət edib. Lakin Racub, bütün israrlara baxmayaraq, bu dəvəti qəbul etməyib.

“Biz əziyyət çəkirik”

Racubun “Biz əziyyət çəkirik” dediyi eşidilib. Fələstin Futbol Federasiyası Qərb Sahilində fəaliyyət göstərən klublarla bağlı İsrailə sanksiya tətbiq olunmamasına görə FİFA-nı İdman Arbitraj Məhkəməsində (CAS) mübahisələndirib. Federasiya həmin ərazilərdə yerləşən klubların İsrail liqalarında iştirak etməməli olduğunu bildirir.

FİFA-ya insan hüquqları çağırışı

2024-cü ildə BMT ekspertləri ən azı səkkiz futbol klubunun İsrail məskənlərində fəaliyyət göstərdiyini qeyd edərək FİFA-nı insan hüquqlarına hörmət etməyə çağırmışdı.

Racub jurnalistlərə açıqlamasında FİFA-dan “qaydaları ədalətli və məntiqli şəkildə tətbiq etməyi” tələb edib.

“İdman infrastrukturu məhv edilir”

Fələstin rəsmisi əlavə edib ki, Qəzzada idman obyektləri dağıdılır, yüzlərlə idmançı və işçi həyatını itirir:

“Artıq ədalətin təmin olunmasının vaxtıdır”.

“Belə biri ilə necə şəkil çəkdirə bilərəm?”

Racub bildirib: “İsrail tərəfini təmsil edən şəxs yaşanan ağrılara diqqət yetirmədi. Mən əl sıxmaqdan imtina etdim. Belə biri ilə necə əl sıxa və ya foto çəkdirə bilərəm?”

İranın Dünya Kubokunda iştirakı

Digər tərəfdən, ABŞ prezidenti Donald Tramp İranla bağlı gündəmi də şərh edib. O, FİFA prezidenti Canni İnfantinonun “İran 2026 Dünya Kubokunda iştirak edəcək” açıqlamasını müsbət qarşıladığını bildirib.

İnfantino daha əvvəl Kanadanın Vankuver şəhərində keçirilən 76-cı FİFA Konqresində İranın ABŞ-də keçiriləcək oyunlarda iştirak edəcəyini açıqlamışdı.

"2026 Dünya Kuboku" ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçiriləcək. G qrupunda yer alan İran yığması Belçika, Misir və Yeni Zelandiya ilə mübarizə aparacaq.