Dünyanın ən böyük qızıl deposu: 60 ölkənin qızılı burada saxlanılır - FOTO

"Bank of England"ın yeraltı anbarlarında 5 min tondan artıq qızıl qorunur. Bu obyekt Avropanın ən böyük qızıl saxlama mərkəzi hesab olunur və 60-dan çox ölkənin mərkəzi bankı öz ehtiyatlarını burada saxlayır.

Sherg.az xəbər verir ki, Londonun maliyyə mərkəzində yerləşən binanın təxminən 40 faizi yerin altındadır. Qızılın böyük hissəsi Böyük Britaniyaya deyil, digər ölkələrə məxsusdur. Ölkənin öz ehtiyatı isə 300 tondan bir qədər çoxdur.

Məlumata görə, hər külçə 400 troya unsiyası (təxminən 12–13 kq) çəkidədir və xüsusi qeydiyyatla saxlanılır. Əksər alqı-satqı əməliyyatlarında qızıl fiziki olaraq yerini dəyişmir, yalnız sənədlərdə sahib dəyişir.

Ekspertlər bildirirlər ki, London siyasi və hüquqi sabitliyi sayəsində qlobal qızıl ticarətinin əsas mərkəzi olaraq qalmaqdadır.