Taliban hakimiyyətinin ayrı-seçkiliyə əsaslanan qanunları ilə yanaşı, ölkədəki yoxsulluq da qadınların və qız uşaqlarının həyatını çətinləşdirir. Quraqlığın ağırlaşdırdığı iqtisadi vəziyyət ailələri azyaşlı qızlarını pul müqabilində ərə verməyə məcbur edir.
Sherg.az xəbər verir ki, “The Guardian”ın yaydığı məlumata görə, Əfqanıstanın şimal-qərbindəki Bədəxşan vilayəti və Herat ətrafında çoxsaylı uşaqlar iqtisadi çətinliklər səbəbindən erkən nikahlara məcbur edilir.
Bədəxşanda əhalinin 95 faizi əkinçilik və heyvandarlıqla dolanır. 2018-ci ildə bölgədə güclü quraqlıq yaşanıb, 2021-ci ildən bəri isə hər il quraqlıq məhsuldarlığa və heyvandarlığa zərər vurub. Otlaqların quruması heyvanların satılmasına, məhsul itkisi isə borcların artmasına səbəb olub.
Ailələr borclarını ödəmək, ərzaq almaq və müalicə xərclərini qarşılamaq üçün qızlarını erkən yaşda ərə verməyə üz tuturlar.
Fermerlərdən biri səkkiz ilin yeddisində məhsulunun məhv olduğunu, buna görə beş qızını ərə verdiyini və hər biri üçün 90 min–150 min əfqanisi aldığını bildirib.
Heratda isə başqa bir ailə səkkiz yaşlı oğlunun xərçəng müalicəsini qarşılaya bilmədiyi üçün iki yaşlı qızını gələcəkdə ərə vermək barədə razılığa gəlib.