Ehtiyatların tükənməsi ABŞ-nin geosiyasi imkanlarını zəiflədir - Politoloq

  • ABŞ müttəfiqlərini qorumaqda çətinlik çəkə bilər

ABŞ Prezidenti Donald Trampın zəngindən sonra, Pentaqonda təcili müşavirə keçirilməsi gözlənilir.

Müşavirənin keçirilmə səbəbi, ABŞ-də başlayan sursat böhranı üçün həll yollarının axtarılmasıdır. 

“NBS News” telekanalı xəbər verir ki, müşavirənin təcili keçirilmə qərarı, D. Trampın ölkənin müharibə nazirinin müavini Stiven Faynberqə zəng edib, narazılığını bildirdikdən sonra qəbul edilib. 

Politoloq Kamran Cəfərov Sherg.az-a açıqlamasında bildirir ki, müharibə və yardımlar ABŞ-nin petriotlarını tükəndirib.

“Trampın həyəcan təbili ABŞ hərbi-sənaye kompleksinin gündəmində olan ən vacib məsələdir. Çünki, İranla müharibə və Ukraynaya göstərilən yardımlar ABŞ-nin ballistik raketlərə qarşı petriotlarını tükəndirib. Bu ehtiyatların tükənməsi ABŞ-nin nəyinki hərbi baxımdan, o cümlədən geosiyasi baxımdan mövqelərini zəiflədir. Hərbi-sənaye kompleksinin raketlərlə bağlı müəyyən istehsal gücü var. İllik istehsal isə təxminən, 800 raketdir. Mövcud durumda bu, az bir göstəricidir. Göstəriş verilib ki, hərbi sənaye kompleksi bu istehsalı illik 2000-ə qədər artırsın. Həmin raketlərin istehsalı isə çox mürəkkəb prosesdir. 2-3 il müddət lazımdır. Lakin, o vaxt artıq yoxdur. Raket ehtiyatlarının kəskin azalması ABŞ-nin müttəfiqlərini qorumaq imkanını azaldır. Bu da geosiyasi təsir imkanlarını məhdudlaşdırır. Ukrayna informasiya seqmentində də gündəmdə olan məsələ budur ki, amerikalılar petriot üçün raketləri vermirlər. Ukrayna rus dronlarını rahat vurur, amma ballistikaya qarşı heç nə edə bilmirlər. Ballistika Ukraynanın ən böyük probleminə çevrilib. Əgər Ukrayna bu problemi həll etməsə, Ukrayna ərazisində istənilən obyekt açıq hədəfə çevrilə bilər. Ukrayna hərbi-sənaye kompleksindəki əsas şirkətlərdən biri olan Fire Point’in rəhbəri Denis Ştilerman bəyan edib ki, Ukrayna ballistikaya qarşı raketlər planı hazırlayıb. Əlavə olaraq, Ukrayna öz ballistik raketlərinin də istehsalına hazırlaşır. Bu günə qədər Rusiya ərazisində olan obyektlər dronla vurulsa, onların zərbə imkanı, həmçinin partlayıcı maddə daşımaq imkanı məhduddur. Ballistik raketlərin partlayıcı maddə daşıma imkanı isə 1 tona qədər ola bilir.”

Politoloq hesab edir ki, Rusiya, İran və Çin də ballistik raketlərin istehsalını artıracaq:

“Bu, geosiyasi savaşdır. Qərb ölkələri ballistik raketlərə qarşı raketlərin istehsalını, eyni zamanda da ballistik raketlərin istehsalını artırmağa çalışacaq. Hazırda ballistik raketlər həm qərbdə, həm də şərqdə hərbi sənaye kompleksinin əsas məsələsinə çevrilib.”

Paşa Nuru