Misirin xəstəxanalarında müalicə aldıqdan sonra ilk fələstinli qrup Qəzza zolağına geri qayıdıb.
AZƏRTAC xəbər verir ki, Misirin “Əl-Qahira əl-İxbariya” televiziya kanalının məlumatına görə, daha əvvəl Qəzza zolağını tərk etmiş anklav sakinlərini daşıyan avtobus Rəfah sərhəd-keçid məntəqəsindən Qəzzaya daxil olub və Ümumdünya Səhiyyə Təşkilatının avtomobillərinin müşayiəti ilə cənubdakı Xan Yunis şəhərinə yola düşüb.
Kanalın məlumatında bildirilir ki, geri qayıdan bütün fələstinlilər Qəzzaya çatdıqdan sonra tibbi müayinədən keçiriləcəklər. Avtobusda olan fələstinlilərin dəqiq sayı hələlik açıqlanmayıb.
Qeyd edək ki, 2023-cü ilin oktyabrında İsrail ilə Fələstinin HƏMAS hərəkatı arasında silahlı qarşıdurmanın kəskinləşməsindən sonra Rəfah sərhəd-keçid məntəqəsi əsasən Qəzzadan kənara çıxış üçün açıq olub. Humanitar yardım daşıyan yük maşınlarının anklava daxil olmasına icazə verilsə də, 2025-ci ildə bu yardımlar əsasən Misirlə sərhəddəki Rəfah keçidindən deyil, İsraillə sərhəddə yerləşən Kerem Şalom və Əl-Oca keçid məntəqələrindən həyata keçirilib.