Rusiyadakı türk xalqları Türk dünyasının ayrılmaz hissəsidir - Tulpar Janibyek

  • Tokayevin təklifinin strateji dəyəri məhz bu məqamda özünü göstərir

Türk dünyasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsi istiqamətində müxtəlif təşəbbüslər gündəmə gəlməkdədir. Bu kontekstdə Türk Dövlətləri Təşkilatının (TDT) gələcək fəaliyyəti, əməkdaşlıq perspektivləri və mümkün genişlənmə imkanları diqqət çəkən məsələlər sırasındadır.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin bir neçə gün əvvəl Rusiyanın təşkilata qoşulması ilə bağlı səsləndirdiyi təklif isə bu müzakirələrə yeni istiqamət verib. Sözügedən təşəbbüs həm siyasi, həm də geosiyasi baxımdan müxtəlif yanaşmaların ortaya çıxmasına səbəb olub. Həmçinin Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Türk Dövlətləri Təşkilatında (TDT) iştirakını məqsədəuyğun hesab etdiklərini açıqlayıb.

Qazaxıstanın Narxoz Universitetinin siyasi kütləvi kommunikasiya üzrə assistent professoru, fəlsəfə doktoru, jurnalist Tulpar Janibyek Sherg.az-a Rusiyanın TDT-yə üzvülük məsələsinin nə qədər real ola biləcəyindən danışıb:

"Rusiyanın Türk Dövlətləri Təşkilatına (TDT) qoşulması məsələsinə bugünkü siyasi və ictimai şərait baxımından nəzər saldıqda, bu fikir ilk baxışdan o qədər də məntiqli görünməyə bilər. Xüsusilə mövcud beynəlxalq siyasi atmosferi, Rusiyanın xarici siyasətdəki mövqeyini və Türk dünyasında formalaşmış həssaslıqları nəzərə alsaq, Rusiyanın təşkilata üzv və ya müşahidəçi qismində qoşulması cəmiyyətlərin əhəmiyyətli bir hissəsinin asanlıqla qəbul edəcəyi fikir deyil. Lakin mən hesab edirəm ki, bu məsələyə yalnız bugünkü siyasi reallıqlar prizmasından yanaşmaq düzgün olmaz.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Rusiyanın TDT-yə qoşulması ilə bağlı təklifini qısamüddətli siyasi təşəbbüsdən daha çox, uzunmüddətli strateji yanaşma kimi qiymətləndirmək daha doğru olardı. Çünki Rusiya yalnız slavyan kimliyindən ibarət dövlət deyil. Rusiya Federasiyasının sərhədləri daxilində tarixən, mədəni və dil baxımından Türk dünyasının ayrılmaz hissəsi olan çoxsaylı xalqlar və bölgələr mövcuddur. Tatarıstan, Başqırdıstan, Saxa (Yakutiya), Tuva, Xakasiya, Altay və digər türk icmaları bunun mühüm nümunələridir.

Tokayevin yanaşmasının əsas əhəmiyyəti də məhz burada gizlənir. Məsələ yalnız Rusiya dövlətinin Türk Dövlətləri Təşkilatına qoşulmasından ibarət deyil". 

Mütəxəssis qeyd edib ki, əsas məsələ Rusiya sərhədləri daxilində yaşayan türk xalqları ilə Türk dünyası arasındakı tarixi və mədəni əlaqələrin yenidən gücləndirilməsi üçün diplomatik zəmin yaradılmasıdır:

"Bu gün Rusiyanın təşkilata qoşulması ictimai baxımdan mübahisəli, hətta bir çoxları üçün mənasız görünə bilər. Lakin beynəlxalq münasibətlərdə bəzi addımların dəyəri onların atıldığı günün şərtlərindən daha çox, gələcəkdə yarada biləcəyi imkanlarla ölçülür. Tokayevin təklifini də bu baxımdan gələcəyə yönəlmiş strateji sərmayə kimi qiymətləndirmək olar.

Türk dünyasının inteqrasiyası yalnız müstəqil türk dövlətləri arasında siyasi və iqtisadi əməkdaşlıqla məhdudlaşmamalıdır. Rusiya, Çin və digər ölkələrin sərhədləri daxilində yaşayan türk xalqları ilə mədəni, akademik, iqtisadi və humanitar əlaqələrin inkişaf etdirilməsi də bu inteqrasiyanın mühüm istiqamətlərindən biridir. Əlbəttə, bu proses sözügedən xalqların kimliyinə, iradəsinə və yaşadıqları ölkələrin suverenliyinə hörmət prinsipi əsasında həyata keçirilməlidir.

Tokayevin təklifini yalnız bugünkü siyasi qüvvələr nisbəti ilə qiymətləndirmək məsələnin uzunmüddətli perspektivini nəzərdən qaçırmaq demək olardı". 

Müsahibimiz bəzən bu gün siyasi baxımdan mənasız görünən bir fikirin sabahın mədəni və geosiyasi münasibətləri baxımından mühüm fürsətə çevrilə biləcəyini vurğulayıb:

"Qənaətimcə, Tokayevin təklifinin strateji dəyəri məhz bu məqamda özünü göstərir: məqsəd Rusiya ilə Türk dünyası arasında deyil, ilk növbədə Rusiyada yaşayan türk xalqları ilə Türk dünyasının digər hissələri arasında daha güclü və davamlı əlaqələr qurmaqdır".