Göyərtəsində hantavirus yayılan gəmi Kanar adalarına doğru yola düşüb

Göyərtəsində hantavirus infeksiyası yayılan "MV Hondius" kruiz gəmisi Kabo-Verde sularını tərk edərək İspaniyanın Kanar adalarına doğru yola düşüb.

"Report" xəbər verir ki, bu barədə "AFP" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, gəminin üç gün ərzində Tenerife adasındakı Qranadilla limanına çatması planlaşdırılır. Daha əvvəl Kabo-Verde hakimiyyəti gəminin ölkənin paytaxtı Prayanın liman sularına daxil olmasının qarşısını almışdı. Nəticədə gəmi təxminən üç gün sahildə lövbər salmışdı.

Lazımi hazırlıqlardan sonra hantavirusa yoluxmaqda şübhəli bilinən üç nəfər - Böyük Britaniya, Almaniya və Niderland vətəndaşları gəmidən təxliyə edilib. Onlar xüsusi tibbi reyslərlə Niderland və Kanar adalarına köçürülmək üçün Praia Beynəlxalq Hava Limanına aparılıblar. Təxliyə edilənlərdən ikisinin vəziyyəti ağır hesab olunur.

Ümumdünya Səhiyyə Təşkilatı əvvəllər gəmidə olanlar arasında səkkiz təsdiqlənmiş hantavirus infeksiyası halı barədə məlumat verib. Yoluxanlardan üçü vəfat edib.

Cənubi Afrika Respublikasının səhiyyə naziri Aaron Motsoaledi bildirib ki, mütəxəssislər ölümlərə səbəb olan virus növünü müəyyən ediblər. Bu, yaxın təmas yolu ilə insandan insana ötürülə bilən "Andes" ştammıdır.