Gürcüstan parlamentinin vitse-spikeri Nino Tsilosani Avropa İttifaqının (Aİ) ABŞ Prezidenti Donald Trampın MAGA Hərəkatını (“Amerikanı Yenidən Möhtəşəm et”) dəstəkləyən ölkələrlə münasibətləri məhdudlaşdırmaqla bağlı açıqlamasını “azadlığa qadağa” adlandırıb.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.
“Onlar üzvlüyə can atan bütün ölkələrə öz ideologiyalarından fərqlənən təşkilatları dəstəkləməyi və fəaliyyətlərində iştirak etməyi qadağan edirlər. Marta Kosun bəyanatı Aİ bürokratiyasının kölə kimi itaət etməyə hazır olanları üzvlüyə qəbul etməyi planlaşdırdığını aydın şəkildə ortaya qoydu”, - o deyib.
Nino Tsilosaninin fikrincə, Avropa İttifaqı namizəd ölkələrdən razılaşmadıqları təşkilat və ideologiyalara dəstəyi faktiki olaraq tamamilə dayandırmağı tələb edir. O əlavə edib ki, bu qadağalar Gürcüstana qarşı açıq-aşkar antipatiyası olan bürokratlar tərəfindən irəli sürülür.
Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kos bundan əvvəl bildirib ki, Avropa İttifaqının gələcək üzvləri Aİ-nin uzunmüddətli maraqlarına zidd olan digər qüvvələrdən asılı olmamalıdır. Komissar bu kontekstdə vurğulayıb ki, Avropa İttifaqına üzv olmaq istəyən ölkələr MAGA Hərəkatı ilə əlaqələrini kəsməlidir.