Husilər Qırmızı dənizdə neft tankerinə zərbə endirdiklərini açıqlayıblar

Yəməndə fəaliyyət göstərən "Ənsar Allah" (husilər) hərəkatı Qırmızı dənizdə Səudiyyə Ərəbistanına məxsus "Vafa" adlı neft tankerini ballistik raketlərlə vurduğunu bəyan edib.

Sherg.az xəbər verir ki, hərəkatın yaydığı məlumata görə, hücum Qırmızı dənizin şimal hissəsində, Yanbu sahilləri yaxınlığında həyata keçirilib.

Husilər bildiriblər ki, iyulun 22-də dəniz blokadası elan edildikdən sonra "Vafa" hədəfə alınan səkkizinci Səudiyyə neft gəmisidir.

Hərəkatın iddiasına görə, həyata keçirdiyi əməliyyatlar nəticəsində indiyədək 29 Səudiyyə neft gəmisi marşrutunu dəyişməyə və ya geri qayıtmağa məcbur olub.

Bəyanatda həmçinin qeyd edilir ki, Bab əl-Məndəb boğazı istiqamətində gəmiçiliyin məhdudlaşdırılmasından sonra Səudiyyə Ərəbistanı neft tankerlərini Qırmızı dənizin şimal hissəsi vasitəsilə hərəkət etdirməyə başlayıb.

Husilər bu marşrutun da bağlanması məqsədilə Qırmızı dənizin şimalında Səudiyyə neft tankerlərinə qarşı hücumları davam etdirəcəklərini və daha da gücləndirəcəklərini bildiriblər.