İran gərginliyi masada: Tramp - Modi telefon danışığına Mask da qatılıb

Amerikalı milyarder Elon Maskın ABŞ və İsrailin İran əməliyyatları ilə başlayan gərginlikdə, ABŞ Prezidenti Donald Tramp və Hindistan Baş naziri Narendra Modi arasında keçirilən telefon danışığına qatıldığı iddia edilir.

Sherg.az xəbər verir ki, bu məlumat "New York Times" qəzeti iki ABŞ rəsmisinə istinadən yayımlayıb.

Mənbələrin verdiyi məlumata görə, danışıq zamanı Orta Şərqdəki vəziyyət və qlobal neft ticarətinin təxminən 20%-inin həyata keçirildiyi Hörmüz Boğazı müzakirə edilib. Elon Maskın görüşdə hansı məqsədlə iştirak etdiyi və ya aktiv şəkildə danışıqda rol aldığı hələlik açıqlanmır. Rəsmilər bunu Tramp ilə Mask arasındakı əlaqələrin yenidən normallaşması kimi qiymətləndirirlər.

Hər iki hökumət rəsmi açıqlamalarda Maskın görüşdə iştirak etdiyini təsdiqləməyib. Modi isə əvvəlki danışıq zamanı Hörmüz Boğazının açıq, təhlükəsiz və əlçatan qalmasının bütün dünya üçün vacib olduğunu qeyd etdiyini vurğulayıb. ABŞ-nin Cənubi və Orta Asiya üzrə xüsusi nümayəndəsi və Yeni Delhi səfiri Sergio Gor da görüşdə Hörmüz Boğazının önəmi və Orta Şərqdəki mövcud vəziyyətin müzakirə edildiyini bildirib.