İranın hay-küyü sabun köpüyüdür - Politoloq

Eləcə də İranın digər müttəfiqqi Rusiya artıq 5-ci ildir Ukrayna qarşısında rəzil gündədir

ABŞ və İran arasında Omanda keçirilən danışıqlar fonunda ABŞ Dənizçilik İdarəsi Amerika bayraqlı gəmilər üçün yeni təhlükəsizlik protokolları yayımlayıb. Qurum Hörmüz boğazından keçən gəmilərə İranın ərazi sularından "mümkün qədər uzaq durmağı" tövsiyə edib.

Xəbərdarlıqda gəmi kapitanlarına İran qüvvələrinin gəmiyə çıxmasına icazə verməmək, lakin mümkün müdaxilə zamanı zor tətbiq edərək müqavimət göstərməmək tövsiyə olunur. 

Politoloq Vasif Əfəndiyev “Sherg.az”a bildirib ki, ABŞ hərbi gəmilərinin Hörmüz boğazına yaxınlaşması təkcə taktiki addım deyil, eyni zamanda strateji siqnaldır. Onun fikrincə bu cür hərəkətlər bəzən diqqəti müəyyən istiqamətə yönəltmək və real planları gizlətmək məqsədi daşıya bilər:

“ABŞ-ın İran ətrafında geniş hərbi infrastrukturu mövcuddur. Bəhreyndə yerləşən 5-ci Donanma Fars körfəzinə nəzarət imkanına malikdir. Qətərdəki Əl-Udeyd aviabazası regionun ən böyük ABŞ hava əməliyyat mərkəzidir. Küveytdə quru qoşunları və logistika bazaları fəaliyyət göstərir. Birləşmiş Ərəb Əmirliklərində Əl-Dhafra aviabazası strateji bombardmançı və kəşfiyyat imkanları ilə seçilir. Səudiyyə Ərəbistanında ABŞ hərbi kontingenti və hava müdafiə sistemləri yerləşdirilib. İraqda ABŞ qüvvələri və hərbi müşavirlər mövcuddur. Türkiyədəki İncirlik bazası NATO çərçivəsində əlavə strateji dərinlik yaradır. Hind okeanındakı Dieqo Qarsiya adası uzaqmənzilli bombardmançıların yerləşdirilməsi üçün mühüm platformadır. Aralıq dənizində 6-cı Donanma fəaliyyət göstərir və aviadaşıyıcı zərbə qrupları qısa müddətdə bölgəyə cəlb oluna bilər”.

Politoloq hesab edir ki, İranın əzələ nümayişi və süni intellekt vasitəsilə quraşdırdığı raket zərbəsi videoları daxili auditoriyanı aldatmaq üçündür: “İraqdan həm əhali, həm də ərazi baxımdan dəfələrlə böyük olan İranın uzun illər davam edən müharibədən bir nəticə əldə edə bilməməsi bir daha sübut edir ki, İranın hay-küyü sabun köpüyüdür. Eləcə də İranın digər müttəfiqqi Rusiya artıq 5-ci ildir Ukrayna qarşısında rəzil gündədir. İsrailin iştirakı vəziyyəti daha da genişmiqyaslı edə bilər, lakin bunun iddia olunan kimi region üçün ağır nəticələr doğuracağına inanmıram. Hərbi güc fərqləri mövcud olsa da, real qarşıdurmanın nəticəsi yalnız texniki üstünlüklə deyil, siyasi, iqtisadi və regional faktorlarla müəyyən olunur”.