İslam ölkələri Qəzza sərhəd-keçid məntəqəsinin birtərəfli açılmasına etiraz etdi

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Dövlətləri Liqasına (ƏDL/LAG) üzv ölkələr Qəzza zolağı ilə Misir arasındakı “Rafah” sərhəd-keçid məntəqəsinin yalnız bir istiqamətdə fəaliyyət göstərməsi təklifinə qarşı çıxıb.

Teleqraf xəbər verir ki, bu barədə Misirin Xarici İşlər Nazirliyi birgə bəyanat yayıb.

Sənəddə bildirilir ki, İsrail tərəfinin keçid məntəqəsini yalnız bir istiqamətdə, Qəzzadan çıxış üçün açmaq niyyəti ciddi narahatlıq doğurur. Bəyanatda bu addımın Qəzza sakinlərini Misir ərazisinə köçürmək cəhdi kimi qiymətləndirilir və bunun qəbuledilməz olduğu vurğulanır.

Ərəb və islam ölkələrinin xarici işlər nazirləri bildiriblər ki, “Rafah” keçidi həm giriş, həm də çıxış üçün açıq olmalı, ABŞ Prezidenti Donald Tramp tərəfindən hazırlanmış Qəzza üzrə sülh tənzimlənməsi planına uyğun fəaliyyət göstərməlidir.

Bəyanata Misir, İndoneziya, İordaniya, Qatar, BƏƏ, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyənin xarici işlər nazirləri imza atıblar.