İsveç Ukraynaya dəstəyi artırmaq üçün 5 ölkəyə yardımı dayandırır

İsveç hökuməti Tanzaniya, Mozambik, Zimbabve, Liberiya və Boliviyaya inkişaf məqsədli maliyyə yardımını dayandırmaq qərarına gəlib.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin xarici ticarət və beynəlxalq inkişaf əməkdaşlığı naziri Bençamin Dusa Stokholmda keçirdiyi mətbuat konfransında məlumat verib.

Nazirin sözlərinə görə, həmin vəsaitlər Ukraynanın dəstəklənməsinə yönəldiləcək.

“Gələn il Ukraynanı çoxsaylı sınaqlar gözləyir. Müharibənin başlanmasından bəri ən sərt qış qarşıdadır. Bu, Avropa tarixində həlledici məqamdır”, – Dusa bildirib.

Rəsmən açıqlanıb ki, sözügedən beş ölkəyə 2026-cı ildə 700 milyon kron (təxminən 74,3 milyon dollar), 2027-ci ildə isə 900 milyon kron (təxminən 95,6 milyon dollar) həcmində yardım ayrılması nəzərdə tutulurdu. Bu dövlətlərə İsveç tərəfindən ödənişlər 31 avqust 2026-cı ildən sonra dayandırılacaq.

Pulların yenidən bölüşdürülməsi nəticəsində İsveçin Ukraynaya göstərəcəyi qeyri-hərbi dəstəyin həcminin 2 milyard krona (təxminən 212,5 milyon dollar) çatacağı gözlənilir.