İsveçdə kriminal şəbəkələrin xarici üzvlərinin ölkədən çıxarılması müzakirə olunur

İfrat sağçı “İsveç Demokratları” partiyası yalnız İsveç vətəndaşlığına malik olmayan cinayətkar qruplaşmaların bütün fəal üzvlərinin ölkədən çıxarılması ilə bağlı təşəbbüslə çıxış edib.

AZƏRTAC xəbər verir ki, partiyanın məlumatına görə, bu tədbir 3300-dən çox şəxsi əhatə edə bilər və ölkədə mütəşəkkil cinayət şəbəkələrinin fəaliyyətinin zəiflədilməsinə yönəlib.

Partiya nümayəndələri bildiriblər ki, deportasiya və uzunmüddətli həbs cəzaları hüquqi dövlət prinsipləri çərçivəsində kriminal cinayətkarlığa qarşı mübarizədə ən təsirli vasitələrdir. Polisin məlumatlarına görə, İsveçdə cinayətkar qruplaşmaların təxminən 17 500 fəal üzvü var və onların böyük hissəsi xarici və ya ikili vətəndaşlığa malikdir: “Kriminal şəbəkələrdə iştirak xarici və ya ikili vətəndaşlığa malik şəxslərin vətəndaşlıqdan məhrum edilməsi və sonradan deportasiya olunması üçün əsas sayılmalıdır”.

Partiya öz təkliflərini ədliyyə nazirinin çağırışı ilə keçiriləcək bütün parlament partiyalarının görüşündə təqdim etməyi planlaşdırır və bu tədbirlərin gələcək hökumətin siyasətinin tərkib hissəsinə çevriləcəyinə ümid edir.