İtaliya “Hizbullah” və Hörmüz boğazı ilə bağlı İrana çağırış etdi

“İran xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı zamanı Tehran və Oman arasında Hörmüz boğazının ticarət gəmiləri üçün yenidən açılması ilə bağlı davam edən danışıqları müzakirə etdik”.

Teleqraf xəbər verir ki, bu barədə İtaliya xarici işlər naziri Antonio Tacani deyib.

Nazir ABŞ də daxil olmaqla, siyasi həllə tezliklə nail olmaq üçün dialoqun davam etdirilməsinin və gərginliyin daha da artmasının qarşısının alınmasının vacibliyini vurğulayıb.

İtaliya XİN başçısı əlavə edib ki, Hörmüz boğazında heç bir rüsum və ya məhdudiyyət olmadan naviqasiya azadlığının tam təmin edilməsi regionun sabitliyi və qlobal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır.

Telefon danışığında Livandakı vəziyyət də müzakirə olunub və Tacani Romada davam edən danışıqların atəşkəsin möhkəmləndirilməsi və hərtərəfli razılaşmanın əldə olunması istiqamətində konkret nəticələr verəcəyinə ümid etdiyini bildirib.

O, həmçinin Abbas Əraqçiyə söyləyib ki, İranın “Hizbullah”ın hərbi fəaliyyətinin dayandırılmasındakı rolu həlledici əhəmiyyət daşıyır və İtaliya Yaxın Şərqdə dialoq, təhlükəsizlik və sülhün təşviqi istiqamətində səylərini davam etdirəcək.