KİV: Türkiyə S-400-lərlə bağlı Rusiyaya müraciət edib

Türkiyə Rusiyadan aldığı S-400 zenit-raket komplekslərinin üçüncü ölkəyə təqdim edilməsi üçün razılıq verməsi ilə bağlı Moskvaya müraciət edib.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Ankara bu addımla ABŞ-nin beşinci nəsil F-35 qırıcılarını almaq yolundakı əsas maneəni aradan qaldırmağa çalışır.

Türkiyə rəsmilərinin bildirdiyinə görə, məsələ ilə bağlı danışıqlar son həftələr ərzində aparılıb. Daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan S-400 komplekslərinin Rusiyaya qaytarılmasını təklif etsə də, bu təşəbbüs davam etdirilməyib.

Ankara hesab edir ki, Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemlərinin üçüncü ölkəyə ötürülməsi ABŞ-nin etirazlarını aradan qaldıra və Türkiyənin S-400-ləri aldığına görə çıxarıldığı F-35 proqramına qayıtmasına imkan yarada bilər.

Moskva və Ankara hələlik bu məlumatı rəsmi şəkildə şərh etməyib.